Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Q.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Kür çayında suyun səviyyəsinin qalxması üzündən baş vermiş təbii fəlakət zonasında qəzaların aradan qaldırılması üçün işlər həyata keçirir. Bu barədə Trend-ə "Aztelekom"un mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov çərşənbə günü məlumat verib.
İsmayılovun sözlərinə görə, Şirvan şəhərində operatora məxsus 15 kilometrə yaxın magistral lif-optik xətt (Bakı istiqamətində) su altındadır. Lakin buna baxmayaraq, rabitənin kəsilməsi müşahidə olunmayıb.
"Fəlakət zonasında problemlərin aradan qaldırılması üçün "Aztelekom"un üç briqadası fəaliyyət göstərir, onlar zəif nöqtələri aşkara çıxarır və zəruri tədbirlər görürlər. Analoji problemlər Sabirabad rayonunda və yaxınlıqdakı yaşayış məntəqələrində müşahidə olunur. Dəymiş ziyanın həcmi hələlik məlum deyil. Fəlakətlə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiyanın keçirilməsi planlaşdırılır", - deyə V.İsmayılov deyib.
"Aztelekom"un briqadası Şirvan şəhərində yaradılan qərargahı telefonlaşdırıb və İnternet xəttinə və yol polisi postuna keçirib. Operator, həmçinin, müvəqqəti məskunlaşma düşərgələrində də "qaynar xətt" yaradıb.
Fəlakət nəticəsində CDMA simsiz rabitə baza stansiyaları ziyan çəkməyib.