...

"Bakcell Stars" "SOS Uşaq Kəndləri" ilə birgə "Uşaqlar Sülhə Səsləyir" adlı konsert proqramı təşkil edib

Telekommunikasiya Materials 20 Sentyabr 2010 20:07 (UTC +04:00)
Bakcell Azərbaycan cəmiyyətinin məsuliyyətli korporativ vətəndaşı qismində və uşaqların müdafiəsi üzrə korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, SOS Uşaq Kəndləri ilə birlikdə böyük tədbir keçirib.
"Bakcell Stars" "SOS Uşaq Kəndləri" ilə birgə "Uşaqlar Sülhə Səsləyir" adlı konsert proqramı təşkil edib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Bakcell Azərbaycan cəmiyyətinin məsuliyyətli korporativ vətəndaşı qismində və uşaqların müdafiəsi üzrə korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, SOS Uşaq Kəndləri ilə birlikdə böyük tədbir keçirib. Bu barədə şirkətin məlumatında deyilir.

Bakcell-in "Bakcell Stars" adlanan KSM proqramı çərçivəsində uşaqlar üçün təşkil etdiyi mərasim Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutub. Tədbirdə SOS Uşaq Kəndlərində yaşayan uşaqlardan ibarət xor və rəqs qrupu Beynəlxalq Sülh Gününə həsr olunmuş "Uşaqlar Sülhə Səsləyir" adlı konsert proqramı ilə çıxış edib.

"Bakcell Stars" ürəkdən inanır ki, hər bir uşaq ulduzdur və onların arzuları reallaşa bilər. Artıq bir ildir ki, Bakcell-in maliyyə dəstəyi ilə "SOS Uşaq Kəndləri"ndə uşaq xor dərnəyi fəaliyyət göstərir və burda uşaqlara nəğmə dərsləri keçirilir. Bir il ərzində bu qrup çox irəliləyib və bu gün bu istedadlı balalar sizin qarşınızda çıxış edəcək. Xorda iştirak etməklə uşaqlar birgə işləmək və öz istedadlarını ifadə etmək bacarığına yiyələnirlər. Həm Bakcell üçün, həm də bir fərd olaraq mənim üçün bu uşaqların böyüdüyünü, onlarda özünə inamın yarandığını və bir-birləri ilə ünsiyyətinin artdığını görmək gözəldir", - Bakcell şirkətinin baş icraçı direktoru xanım İneke Botter deyib.

Sentyabrın 21-i, Beynəlxalq Sülh Günündə "Bakcell Stars" "SOS Uşaq Kəndləri"nin layihəsinin genişlənməsinə yardım etmək üçün SMS kampaniyasına başlayacaq. İki həftə davam edəcək kampaniya çərçivəsində Bakcell abunəçiləri 1155 qısa nömrəsinə sms göndərməklə bu layihəyə 1 AZN və ya 450 kontur hədiyyə etmiş olacaqlar. Ayrıca bank hesabı olan "Bakcell Stars" maliyyə cəhətdən şəffaf və təftişə açıq şəkildə fəaliyyət göstərir.

"SOS Uşaq Kəndləri" "SOS Kinderdorf International" humanitar təşkilatının layihəsi kimi Azərbaycanda 2000-ci ilin noyabrından fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub. Şüarı "Hər bir uşağa sevgi dolu bir ev" olan SOS təşkilatı hesab edir ki, uşağın sağlam və hərtərəfli inkişafı üçün ən gözəl mühit ailədir.

Xəbər lenti

Xəbər lenti