Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda Opera Mini mobil brauzeri istifadəçilərinin sayı il ərzində 80 faiz artıb. Bu barədə şənbə günü Opera Software şirkətinin saytında dərc olunan mobil internet haqda hesabatda deyilir.
Mobil internet haqqında hesabat Opera Mini brauzerindən istifadənin 2009-cu ilin oktyabrından 2010-cu ilin oktyabrınadək statistikası əsasında tərtib olunub.
Opera Software-in statistikasına görə, göstərilən dövrdə Azərbaycanda bir istifadəçinin baxdığı səhifələrin sayı 314,6 faiz artaraq 940 təşkil edib.
Azərbaycanda hər istifadəçi orta hesabla öz mobil telefonuna altı meqabayt məlumat yükləyir, baxılan hər veb-səhifənin həcmi isə yeddi kilobayt təşkil edir.
Doqquzuncu yeri tutmaqla Azərbaycan Opera Mini mobil brauzerinin istifadəçilərinin sayına görə MDB ölkələrinin TOP-11-nə daxil olub.
Opera Software-in hesabatına görə, Nokia Azərbaycanda Opera Mini istifadəçiləri arasında ən populyar olaraq qalmaqdadır, populyar saytlar onluğuna isə (azalan qaydada): google.com, facebook.com, odnoklassniki.ru, mail.ru, myleo.az, youtube.com, my.opera.com, jump.az, yandex.ru və livescore.com internet-resursları daxildir.
Son bir il ərzində Opera Mininin köməyi ilə MDB regionunda TOP-11-də veb-səhifələrə baxanların sayı 28 faiz, brauzer istifadəçilərinin sayı isə 44 faiz artıb. Ümumilikdə mobil brauzerdən istifadə olunmaqla məlumatların ötürülməsi həcmi göstərilən dövrdə MDB ölkələrində 19 faiz artıb. MDB ölkələrində nisbətən daha populyar internet-resurslar bunlardır: Vkontakte, Yandex, Odnoklassniki.ru, Google və Mail.ru.
MDB regionunda mobil brauzerə qoşulan hər 110 telefondan 100-ü Nokia, beşi - Sony Ericsson, ikisi - Samsung, ikisi LG və biri Apple telefonlarının payına düşür.