Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir H.Vəliyev/
İnformasiya texnologiyaları üzrə işçi qrupu GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat çərçivəsində informasiya texnologiyaları sahəsində kadr və mütəxəssislərin hazırlanması sferasında əməkdaşlıq haqqında razılığa gəlib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məluamtında deyilir.
Məsələyə dekabrın 16-17-də Kiyevdə keçirilən informasiya texnologiyaları sahəsində işçi qrupunun 3-cü iclası çərçivəsində baxılıb.
Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən görüşdə GUAM-ın üzv ölkələrinin müvafiq nazirlik və idarələrinin nümayəndələri iştirak edir.
Azərbaycanı iclasda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinin rəhbəri İsfəndiyar Əliyev təmsil edir.
İşçi qrupu informasiya texnologiyaları sahəsini əhatə edən qanunvericiliyin təkmilləşdirilməsi üzrə sistematik məlumat, statistik göstəricilər, eləcə də makrogöstəricilər və bu sahədə həyata keçirilən layihələr üzrə məlumat mübadiləsinin aparılması, GUAM-a üzv olan ölkələrin vahid informasiya məkanının formalaşdırılması strategiyası layihəsi üzrə təkliflərin verilməsinə dair qərarlar qəbul edib.
Tərəflər mədəniyyət, elm və təhsil, habelə informasiya texnologiyaları üzrə işçi qruplarının üzv ölkələrdə distant təhsilin inkişafı mövzusunda birgə iclaslarının keçirilməsini, eləcə də beynəlxalq sahə tədbirlərində iştirak zamanı mövqelərin razılaşdırılması üzrə fəaliyyətin əlaqələndirilməsinin fəallaşdırılmasını qərara alıblar.
İnformasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası 2011-ci ilin birinci yarısında keçiriləcək.
GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı ölkələri rəhbərlərinin sammiti zamanı yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, dörd ildən sonra isə çıxıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilat elan olunması və Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM adlandırılması haqqında qərar qəbul olunub.