Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir H.Vəliyev/
ISOC-un (Internet Society) Azərbaycan nümayəndəliyi təşkilatın mərkəzi aparatında akkreditasiyadan keçəcək. Bu barədə cümə gün Trend-ə İnformasiya Problemləri üzrə Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.
Hacıyevin sözlərinə görə, bu istiqamətdə işlər yaxın iki ay ərzində başa çatdırıla bilər. Akkreditasiya proseduru başa çatdıqdan sonra milli nümayəndəliyin ISOC-un mərkəzi aparatında öz nümayəndəsi ola bilər.
"Yaxın vaxtlarda "ISOC - Azerbaijan" təşkilatının yeni rəhbər tərkibi də müəyyənləşəcək",- Hacıyev qeyd edib.
ISOC təşkilatının əsas fəaliyyəti internet şəbəkəsinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və qlobal informasiya mübadiləsinə yardımdır.
ISOC təşkilatı IAB (Internet Architecture Board) rəhbərini təyin edir. O, texniki rəhbərlik və internet şəbəkəsinin təşkilinə məsuldur. İnternetin cari texniki və təşkilati problemlərinin müzakirəsi ilə IETF (Internet Engineering Task Force) mühəndis komissiyası məşğul olur.
Azərbaycanda yardılan Təşkilat Komitəsi artıq ISOC-un milli strukturunu formalaşdırmağa başlayıb. Ekspertin fikrincə, o, gələcək internet məkanının formalaşdırılmasına töhfə verə bilər.
ISOC-un Azərbaycan nümayəndəliyinin əsas vəzifələri sırasında milli domeninin idarə edilməsi qaydaları, məsləhətçi-maarifləndirici fəaliyyət, internet şəbəkəsinin resurslarından istifadədə münaqişə məqamlarının və mübahisələrin həll edilməsinə vahid mədəni yanaşmanın formalaşdırılması daxil olmaqla, internet birliklərinin fəaliyyətinin tənzimlənməsinin yeni qaydalarının işlənib hazırlanması ola bilər.