Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir H.Vəliyev/
İnternet şəbəkəsinə çıxışın regional səviyyədə təşkili Azərbaycanın internet-servis-provayderləri üçün ticarət baxımından cəlbedici deyil. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan İnternet Cəmiyyətinin (ISOC-Azerbaijan - InternetSociety) sədri Qalib Qurbanov deyib.
"Bu xidmətlərin regional səviyyədə təşkili internet-xidmət tədarükçüləri üçün Bakıdan daha baha başa gəlir ki, bu da öz növbəsində, internet-xidmətlərin əhatə dairəsinin genişlənməsinə təsir edir", - Qurbanov bildirib.
Provayderlərin istifadəçilər üçün internet-xidmət tariflərinin azaldılmasının gələcək strategiyasına gəlincə, sədrin sözlərinə görə, beynəlxalq kanalların icarə qiymətinin aşağı düşməsi fonunda bu, qiymət baxımından çox da böyük əhəmiyyət kəsb etməyəcək.
"Hazırda Azərbaycanda beynəlxalq kanalların icarəsi ilə bağlı problem yoxdur. İndi bazardakı əsas məsələ xidmətlərin genişləndirilməsi və bununla yanaşı, telekommunikasiya xidmətləri tariflərinin aşağı salınmasıdır. Burada, xüsusilə, optik portların çoxaldılması və optik kabellərin çəkilməsi nəzərdə tutulur ki, bu da provayderlərə çox baha başa gəlir", - o deyib.
Cəmiyyət sədrinin sözlərinə görə, bu məsələlər daim ISOC-Azərbaycan iclaslarının gündəliyindədir. Təşkilatın fəaliyyətinin əsasını internet şəbəkəsinin inkişaf istiqamətlərinin təyin olunması və qlobal informasiya mübadiləsinə dəstək təşkil edir.
Struktur ISOC-un baş ofisində akkreditasiyadan keçməyi planlaşdırır ki, bu da milli nümayəndəliyə mərkəzi aparatda öz nümayəndəsi ilə təmsil olunmağa imkan verəcək.
ISOC-un Azərbaycan nümayəndəliyinin əsas vəzifələri sırasında milli domenin idarə edilməsi qaydaları, məsləhətçi-maarifləndirici fəaliyyət, internet şəbəkəsinin resurslarından istifadədə münaqişə məqamlarının və mübahisələrin həll edilməsinə vahid yanaşmanın formalaşdırılması daxil olmaqla, internet birliklərinin fəaliyyətinin tənzimlənməsinin yeni qaydalarının işlənib hazırlanması ola bilər.