Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının beş faizini təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Nazirin sözlərinə görə, belə nəticələr Dünya Bankı tərəfindən 2010-cu ilin yekunları üzrə aparılan araşdırmalar zamanı əldə olunub.
"İnkişaf etmiş ölkələrdə bu göstərici orta aylıq əməkhaqqının 2-3 faizini təşkil edir", - o deyib.
Abbasovun sözlərinə görə, son illər ərzində internet bazarında tariflər dəfələrlə azaldılıb və bu gün 1 Mbit/saniyə sürətlə genişzolaqlı internetə çıxışın minimum dəyəri 15 manat təşkil edir.
Nazir bildirib ki, Azərbaycanda İKT sektorunun orta illik inkişaf sürəti 25-32 fazi təşkil edir ki, bu da dünya üzrə orta göstəriciləri 2-2,5 dəfə üstələyir.
Abbasov deyib ki, Azərbaycanda İKT sektorunun inkişafına, regionlarda bu sahədə xidmətlərin göstərilməsinə xüsusi diqqət ayrılır. Bununla əlaqədar bu sahə respublika iqtisadiyyatının yeni mühüm sahələrindən birinə çevrilib.