Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev/
Son 3 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil üzrə dövlət proqramının icrasına başlanılandan etibarən ölkədən kənarda İT ixtisasları üzrə təhsil alan şəxslərin sayı 15 faizə qədər artıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Novruzovun sözlərinə görə, bu, Azərbaycan üçün böyük uğurdur. Belə ki, layihənin başlanğıcında bu rəqəm 3 faizi ötməyib.
Nazirliyin perpspektiv planlarına mövcud göstəricini 70 faizə çatdırmaq daxildir. Buna isə bu prosesin dövlət tərəfindən stimullaşdırılması sayəsində nail olmaq mümkündür.
"Tərəfimizdən aparılan təhlil göstərib ki, təqdim edilən sənədlərin təxminən 70 faizi idarəçilik və iqtisadiyyat kimi ixtisaslara yönəlib. Bizim üçün isə texniki və fundamental elmlər prioritet sayılır. Bu, İKT, tibb, ekologiya, kənd təsərrüfatı, turizm sahələrində tədrisdir ki, dövlətin bunlara tələbatı var. Bu, İKT sahəsi üzrə sistem, şəbəkə və kompüter mühəndislikləri üzrə ixtisaslardır. Bu istiqamətdə bütün işlər Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən koordinasiya edilir", - Novruzov bildirib.
Nazir müavini xaricdə təhsil alan azərbaycanlı tələbələrin Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olmalarını istisna etməyib. Nazirlik tərəfindən məzunların statistikasının təhlili aparılıb və məlum olub ki, onlar arasında işsiz yoxdur. Təhsilini başa çatdırdıqdan sonra xaricdən qayıtmayan tələbələr isə təhsillərini davam etdirənlərdir. Bu, o zaman mümkün olur ki, onların təhsili dövlətin müəyyənləşdirdiyi prioritetlərə uyğun olsun.
"Fərəhli haldır ki, bu gün xaricdə təhsil alan tələbələrin 47 faizi dövlət sektorunda işləyir. Şübhəsiz, məsələn, BP kimi şirkət onlara yüksək əməkhaqqı versə, onlar bu şirkətdə işləməyə gedəcəklər. İstənilən halda tələbələrin ölkəyə qayıdışı onların Azərbaycan və ya xarici şirkətlərdə işləyəcəyindən asılı olmayaraq yaxşı göstəricidir", - Novruzov deyib.
Onun sözlərinə görə, hazırda BP şirkətindən ARDNŞ-yə böyük sayda kadr keçidi müşahidə edilir. ARDNŞ-nin İzmirdə böyük investisiya layihəsi var (5 milyard dollar həcmində). Təkcə diplomu olanlar deyil, həmçinin 2-3 illik iş təcrübəsi olan kadrlar da məhz ora işləməyə gedirlər.