...

Azərbaycanda nömrələrin daşınması xidməti yazda işə salınacaq

Telekommunikasiya Materials 25 Yanvar 2012 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir H.Vəliyev/

Nömrələrin daşınması xidmətinin (MNP - Mobile Number Portability) aprelin əvvəlində işə salınması gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər.

Hazırda nazirlik tərəfindən bu xidmətin tətbiqi üçün hər üç GSM operatora zəruri infrastrukturu hazırlamaq tapşırılıb.

"Azercell Telekom" şirkətindən verilən məlumata əsasən, şirkət öz şəbəkəsində MNP xidmətini tətbiq etmək üçün texniki hazırlıq aparır və xidmət digər mobil rabitə operatorları ilə eyni vaxtda işə salınacaq.

Bu xidmətin işə salınması üzrə hazırlanan işlər, həmçinin "Azerfon" və "Bakcell" şirkətləri tərəfindən aparılır.

Operatorlara məcburi qaydada abunəçi nömrələrinin 10 rəqəmli toplusunu tətbiq etmək tapşırılıb. Bu qaydaya əsasən, abunəçi nömrəsi qarşısında operator prefiksini ("050", "051", "055", "070" və "077") və sonra abunəçinin 7 rəqəmli nömrəsini yığmaq lazım olacaq.

"Bakcell" şirkəti növbəti dəfə öz abunəçilərini məlumatlandırıb ki, Azərbaycan Rabitə Nazirliyinin qərarına əsasən, fevralın 15-dən etibarən bütün daxili zənglər, həmçinin SMS və MMS göndərişi yalnız 10 rəqəmli nömrə toplusu vasitəsilə həyata keçiriləcək.

Şirkət abunəçilərin rahatlığı üçün yeni qaydalara əsasən, telefonun qeydiyyat kitabçasında "Bakcell" telefon nömrələrinə dəyişiklik etməyi tövsiyə edir.

MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Nömrələrin daşınması operatora ayrılan prefikslə birlikdə abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti