Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ölkənin dövlət büdcəsindən maliyyələşdiriləcək. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.
Fond Azərbaycan Prezidentinin martda imzaladığı sərəncama əsasən yaradılıb.
"Vəsaitlər konkret perspektiv layihələrlə çıxış edən şirkətlərin biznes planı əsasında informasiya texnologiyaları sahəsində layihələr üzrə bölüşdürüləcək", - nazirlikdəki mənbə deyib.
Fond informasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, habelə elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədilə yaradılıb.
"Layihələrin maliyyələşdirilməsi üçün ayrılan vəsaitlər üzrə faiz dərəcəsi yüksək olmayacaq ki, bu da onların reallaşdırılmasına marağı artıracaq", - mənbə qeyd edib.
İnformasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətə dəstək fondunun yaradılması yerli və xarici investisiyaların cəlb olunmasına da yardım edir.
Mənbənin sözlərinə görə, hazırda hökumətə baxılması üçün təqdim ediləcək fondun əsasnaməsinin hazırlığı üzərində iş aparılır.