Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın SINAM İT şirkəti Azərbaycan Maliyyə Nazirliyinin "Azərbaycanın büdcə təşkilatları üçün maliyyə və mühasibat uçotları hesabatları formalarının çatdırılma və quraşdırılması" üzrə elan etdiyi tenderin qalibi olub. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin məlumatında deyilir.
Tender "Azərbaycanın korporativ və büdcə sektorlarında hesabatlılıq" layihəsi çərçivəsində keçirilib. Tender çərçivəsində bütün işlər Dünya Bankının maliyyə vəsaitləri hesabına həyata keçiriləcək.
Tenderdə SINAM, "BestComp Group", "Ultra Computers" və "Siveco Romania S.A." (Rumıniya) (konsorsium), "Colvir SW Solutions" (İngiltərə) və "KomTek" (konsorsium), habelə "Free Balance İnc." (Kanada" şirkətləri iştirak ediblər.
Tender komissiyasının yekdil qərarına əsasən, SINAM şirkəti tenderin qalibi elan edilib.