Azərbaycan, Bakı, 20 iyul / Trend, müxbir E.İsmayılov /
İlin birin yarısında informasiya-kommunikasiya texnologiyaları sahəsində informasiya və poçt sektorlarında gəlirlərin həcmi 673,74 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 19 faiz çoxdur. Trend-in mməlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun cümə günü "Xalq qəzeti"ndə dərc olunmuş məqaləsində deyilir.
Habelə, İKT sahəsində artım 19,2 faiz (telekommunikasiya sektorunda 20,5 faiz), poçt sektorunda 9,3 faiz, informasiya sektorunda 21,9 faiz təşkil edib.
ÜDM-də bu sektorun payı 1,74 faiz, qeyri-neft sektorunda 3,7 faiz təşkil edib.
Telekommunikasiya sektorundan gəlirlərin 65,4 faizi mobil operatorların payına düşüb. Birinci yarım ildə mobil rabitə sektorunda real artım templəri 15,9 faiz olub.
İlin birinci yarısında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeçiliyndə olan birlik və müəssislər 180 milyon manat məbləğində gəlir əldə ediblər ki, bu da ötən ilin analoji dövründəkindən 14,3 faiz çoxdur.
Yanvar-iyun aylarında göstərilən strukturlar tərəfindən ölkənin dövlət büdcəsinə 20,2 milyon manat vəsait ödənilib. Habelə ölkənin rabitə sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması və müasir texnologiyaların tətbiqi çərçivəsində 72,9 milyon manat investisiya qoyulub ki, bu da ötən ilin analoji dövründəkindən 18,7 faiz çoxdur. Ümumilikdə, ilin birinci yarısında sektora 178,3 milyon manat investisiya qoyulub ki, bu da ölkə üzrə investisiyaların ümumi həcminin 4 faizini təşkil edir.