...

Azərbaycanın dövlət rabitə operatoru sifarişlərin elektron qəbulu sistemini istismara verib

Telekommunikasiya Materials 26 Dekabr 2012 14:13 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi (İB) "Sifarişlərin elektron qəbulu, emalı və nəzarət" sistemini (SİNS) istismara verdiyini elan edib.
Azərbaycanın dövlət rabitə operatoru sifarişlərin elektron qəbulu sistemini istismara verib

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi (İB) "Sifarişlərin elektron qəbulu, emalı və nəzarət" sistemini (SİNS) istismara verdiyini elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

SİNS İB-nin göstərdiyi xidmətlər üzrə əhalidən sifarişlərin qəbulunu, sifarişlərin icrasına mərkəzləşdirilmiş qaydada nəzarəti, sifarişlərin icrasının hər bir anında tam məlumatın alınması və müraciətlərin səbəblərinin müəyyənləşdirilməsi, icranın tam başa çatdırılması və göstərilmiş xidmət haqlarının yığılmasının həlli zamanı müasir informasiya texnologiyaları vasitələrindən istifadə etməklə həyata keçirilməsini nəzərdə tutur.

Yeni sistem regionlarda əhaliyə rabitə və informasiya texnologiyaları sahəsi üzrə elektron xidmətlər göstərməsi kontekstində də mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma və s. üçün daha telekommunikasiya qovşaqlarına getmədən, birbaşa yeni sistemə qoşulmaqla elektron xidmətdən istifadə edə, həmçinin təklif və rəylərini sistem vasitəsilə çatdıra bilərlər.

Qeyd edək ki, sifarişlərin qəbulu həm sabit telefon şəbəkəsi, həm də mobil telefon şəbəkəsi vasitəsilə təşkil olunur. Həmçinin yaradılmış proqram təminatı ilə "abunəçi kartotekası" tam elektronlaşdırılıb.

Aztelekom tərəfindən göstərilən xidmətlərin haqqının "vahid kart" vasitəsilə ödənişinin aparılması üçün yaradılmış proqram təminatının da yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, bu da yaradılmış sistemi tamamlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti