Azərbaycan, Bakı, 8 fevral /Trend/
Seymur Əliyev, Trend-in eksperti
Bu gecə Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoydu və ilk kosmik peykini buraxmaqla kosmik klubun üzv ölkəsi oldu.
Prezident İlham Əliyevin təbrikində deyildiyi kimi, bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür.
"Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük", - İlham Əliyev təbrikində bildirib.
Bu gün Azərbaycan qeyri-neft sənayesinin, o cümlədən, informasiya texnologiyalarının inkişafına diqqət yetirir. Gələcəkdə İKT sektorunun gəlirlər üzrə neft sektoru ilə bərabər olacağı gözlənilir ki, bu da ölkənin davamlı inkişafını təmin edəcək.
Azərbaycanın ilk peykinin işə salınması yalnız informasiya texnologiyaları sektorunun inkişafına deyil, eləcə də bütün iqtisadiyyatın inkişafına bütovlükdə öz töhfəsini verəcək.
Hazırda ölkə başqa ölkələrin peyk güclərinin icarəsinə böyük vəsaitlər xərcləyir və öz peykinin orbitə buraxılması bu xərcləri azaltmağa imkan verəcək. Ölkənin beynəlxalq və şəhərlərarası rabitəsinin müəyyən hissəsi və respublikada radio-televiziya yayımı resurslarının əsas hissəsi peyk rabitəsinə əsaslanır. Əgər ölkə ərazisinin çox hissəsinin dağlıq relyefə malik olması faktı nəzərə alınarsa, onda gələcəkdə peyk rabitəsi xidmətlərinə ehtiyacın bir neçə dəfə artacağını inamla demək olar.
2015-2016-cı illərdə əlavə olaraq iki peykin buraxılması gözlənilir.
Azərbaycan peyk qruplaşmasının yaradılması yolu ilə gedir. Orbitə Yer kürəsi səthinin müşahidə olunması üçün aşağı orbital peykin çıxarılması 2015-ci ildə, ikinci telekommunikasiya peykinin buraxılışı isə 2016-cı ildə gözlənilir.