Azərbaycan, Bakı, 17 may /Trend/
"İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda növbəti tədbir mayın 17-də Daşkəsəndə keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Daşkəsən və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri və 130-a yaxın sahibkar iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev rayonun sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Daşkəsəndə digər sahələrlə yanaşı, informasiya texnologiyaları sahəsində də ciddi irəliləyişlər əldə olunduğunu, yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqinə böyük önəm verildiyini qeyd etmişdir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, Nazirliyin www.economy.gov.az internet səhifəsində elektron xidmətlər bölməsinin yaradıldığını qeyd etmişdir. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.
Ümumiyyətlə, Nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 10 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir. Artıq sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada müvafiq sənədlərə əlavə edərək göndərə bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda, elektron informasiya ehtiyatlarından "Elektron Hökumət" portalına qoşulmuş digər dövlət orqanlarının istifadə etmələri üçün göstərilən elektron xidmətlər üzrə informasiya-məlumat bazasının yaradılması təmin olunmuş, göstərilən hər bir elektron xidmət üzrə ayrıca inzibati reqlamentlər müəyyən olunmuşdur.
Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyinin elektron informasiya resursları vasitəsilə vətəndaşların on-line rejimində qəbula yazılmaları, onların müraciətlərinin on-line rejimdə qəbulu və cavablandırılması, vətəndaşların Nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), "www.icazeler.gov.az" icazələrin elektron informasiya portalı, "www.b2b.az" elektron ticarət portalı, sahibkarlıq subyektləri və vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunmuşdur.
Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin sektor müdiri Allahverdi Paşayev İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək" layihəsi ilə birgə Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırmışdır. Nazirliyin Elektron idarəetmə şöbəsinin müdiri Kamran Əliyev tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların alınması, qrant müqavilələrinin qeydiyyatı, mənşə sertifikatının verilməsi, cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi, vətəndaşların on-line qəbulu və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirmişdir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Azərbaycan Sahibkar Qadınlar Forumunun nümayəndələri elektron xidmətlərin tətbiqinin bu sahədə səmərəliliyin yüksəlməsinə, sahibkarlar və icra strukturları arasında əlaqələrin keyfiyyətinin yaxşılaşmasına, operativliyin təmin olunmasına, şəffaflığın daha da artırılmasına müsbət təsir göstərdiyini bildirmiş, qabaqcıl texnologiyaların tətbiqi ilə elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyətini qeyd etmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.