...

Elmir Vəlizadə: Azərbaycanın TASİM layihəsi üzrə təşəbbüsü üçüncü dəfə BMT-nin dəstəyini alıb

Telekommunikasiya Materials 5 Sentyabr 2013 14:10 (UTC +04:00)
Fiber-optik kabel magistralının Xəzər seqmentinin tikintisi "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsinin yaradılmasının əsas hissəsidir.
Elmir Vəlizadə: Azərbaycanın TASİM layihəsi üzrə təşəbbüsü üçüncü dəfə BMT-nin dəstəyini alıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir H.Vəliyev/

Fiber-optik kabel magistralının Xəzər seqmentinin tikintisi "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsinin yaradılmasının əsas hissəsidir. Bu barədə cümə axşamı jurnalsitlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, hazırda sualtı seqmentin tikintisi ilə bağlı həm Qazaxıstan, həm də Türkmənistanla danışıqlar davam etdirilir.

Nazir müavini bildirib: "Məlum olduğu kimi, Qazaxıstanın operatoru TASİM layihəsi konsorsiumuna daxildir. Bununla bağlı olaraq sualtı kabel magistralının tikintisi üzrə danışıqlar bu ölkə ilə daha intensiv aparılır".

Onun sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində qəbul edilən qətnamə "Trans- Avrasiya Super İnformasiya Magistralı" layihəsinin reallaşdırılması ilə bilavasitə bağlıdır.
Vəlizadə vurğulayıb: "BMT-dəki müzakirələr göstərdi ki, belə bir alyansın yaradılması və ümumilikdə belə növ layihənin reallaşdırılması dünyada baş verən proseslərə uyğundur. İlk növbədə, o, telekommunikasiya infrastrukturunun möhkəmlənməsini və daha çox inkişaf etməsini, o cümlədən yeni imkanların yaradılmasını və vətəndaşların informasiya mühitinə çıxışını sadələşdirməyi nəzərdə tutur. Ona görə də belə layihələrə ehtiyac var. Azərbaycanın TASİM layihəsi üzrə təşəbbüsü üçüncü dəfə BMT-nin dəstəyini alır ki, bu da pozitiv aspektdir".

Xatırladaq ki, bu gün BMT-nin Baş Assambleyası "Avrasiya Rabitə Alyansı"nın yaradılmasına dair qətnamə qəbul edib.

Baş Assambleya üzv dövlətləri Trans-Avrasiya regionunda regional telekommunikasiya tranzit marşrutlarının inkişafına bir yol kimi Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə birlikdə "Avrasiya Rabitə Alyansı"nın yaradılması təklifini dəstəkləməyə dəvət edib.

Məlumatda bildirilir ki, "Avrasiya Rabitə Alyansı"nın yaradılmasına dair qətnamə yekdilliklə qəbul edilib.

Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında Baş Assambleya tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Alyans informasiya və kommunikasiya texnologiyaları sahəsində transregional əməkdaşlığın genişləndirilməsi, bu sektorda mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafıq sahədə bilik mübadiləsi üçün regional platformanın yaradılması məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti