...

"Bank Standard" və "Microsoft" Korporasiyası arasında saziş imzalanıb

Telekommunikasiya Materials 4 Fevral 2014 13:16 (UTC +04:00)
Azərbaycanın aparıcı banklarından biri olan "Bank Standard" ASC "Microsoft Enterprise Agreement" proqramı çərçivəsində "Microsoft" Korporasiyası ilə uzunmüddətli əməkdaşlığa dair saziş imzalayıb.
"Bank Standard" və "Microsoft" Korporasiyası arasında saziş imzalanıb

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Azərbaycanın aparıcı banklarından biri olan "Bank Standard" ASC "Microsoft Enterprise Agreement" proqramı çərçivəsində "Microsoft" Korporasiyası ilə uzunmüddətli əməkdaşlığa dair saziş imzalayıb.

Korporasiyadan Trend-ə verilən məlumata əsasən, müqavilənin şərtlərinə görə, "Bank Standard"ın bütün kompüterləri "Windows 7" əməliyyat sistemi ilə təchiz olunacaq.

"Bank Standard"ın İnformasiya texnilogiyaları Departamentinin direktoru Fərid Zeynalov bildirib: "Biz "Microsoft" korporasiyası ilə 2007-ci ildən etibarən əməkdaşlıq edirik. Elə həmin ildən başlayaraq biz OLP proqramı üzrə öz kompüter parkımızın lisenziyalaşdırılmasına başlamışıq ki, o vaxt kompüterlərimizin sayı 250-dən artıq deyil idi. Bu gün "Bank Standard"ın texnoparkındakı kompüterlərin sayı əvvəlki saydan dəfələrlə çoxdur.

"Microsoft"un 2014-cü ilin aprel ayında "Windows XP" əməliyyat sisteminin dəstəklənməsini dayandıracağını nəzərə alsaq, biz cari il ərzində "Windows 7 Professional" əməliyyat sisteminə keçidi planlaşdırırıq. "Enterprise Agreement" proqramı vasitəsilə bank üçün əlverişli sayılan lisenziyalaşdırma bir sıra imkan yaradır:
- 3 il möhləti ilə ödəniş etmək;
- 24/7 prinsipi ilə texniki xidmətdən yararlanmaq;
- "Microsoft"un ("Software Assurance") son məhsullarını istifadə etmək;
- "Software Assurance" çərçivəsində müqavilədə müəyyən edilmiş qiymətlərlə əlavə lisenziyalar əldə etmək;
-proqram təminatı və lisenziyalarla bağlı cari məsrəfləri (TCO) azaltmaq;
-sertifikatlaşmış tədris mərkəzində ödənişsiz təlim keçmək;"
-"Microsoft Service Planning" - "Microsoft"un müxtəlif həllərinin planlaşdırılması və tətbiqi xidmətlərinin göstərilməsi.

Hazırda bankda həm daxili istifadəçilərə, həm də müştərilərə xidmət göstərən 200-dən artıq İT-servis (İT-xidmətlər) mövcuddur. Lisenziyalaşdırılmış əməliyyat sistemi əməliyyat sisteminin vendorları tərəfindən lazımi texniki dəstəyin alınmasına imkan yaradır və bununla da bank üçün kritik olan servislərin dayanma vaxtını azaldır, bu da, öz növbəsində, müştərilərin loyallığını artırır".

"Microsoft Azerbaijan" şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib: "Sözügedən sazişin imzalanması qanunvericiliyin və müəllif hüquqlarının normalarına tam olaraq cavab verir və bankın İT infrastrukturunun standartlaşdırılmasına imkan yaradır, eyni zamanda, gələcəkdə çoxmərhələli əməkdaşlığın perspektivlərini üzə çıxarır".

"Bank Standard" 1995-ci ildən etibarən fəaliyyət göstərir və hazırda daim məhsul və xidmətlərin keyfiyyətini yaxşılaşdıran Azərbaycanın aparıcı banklarından sayılır. "Bank Standard"ın inkişafının əsas istiqamətləri pərakəndə biznes, kiçik və orta müəssisələrin kreditləşdirilməsi, korporativ müştərilərlə və sərmayədarlarla əməkdaşlıqdan ibarətdir. Hazırda bank fəal şəkildə məhsul çeşidlərini modernləşdirir və keyfiyyətli kredit və depozit məhsulları yaratmaq və fiziki və hüquqi şəxsləri ən müasir bank xidmətləri ilə təmin etmək məqsədilə biznesə texnologiyanın tətbiqini artırır.

1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti