Azərbaycan, Bakı, 13 noyabr /Trend/
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən oktyabr ayında 8700-dən çox, indiyədək isə 300 mindən artıq internet istifadəçisi yararlanıb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabr ayında portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən Rusiya, ABŞ, Türkiyə, Norveç və Böyük Britaniyadan olan istifadəçilər də yararlanıblar.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir.
Oktyabr ayında portalda 3 dövlət qurumunun 4 qanunvericilik aktının layihəsi, indiyədək isə 20 dövlət qurumunun 144 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.