...

“İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” seçilib

Telekommunikasiya Materials 9 İyun 2017 20:44 (UTC +04:00)

Bakı. Trend:

“Baktelecom” uğurları sırasına daha birini əlavə edib. Ötən ildən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə icrasına başladığı “İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” nominasiyasında “Netty” Azərbaycan Milli İnternet Mükafatının qalibi olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Netty” sosial əhəmiyyətli layihələri dəstəkləyən, əhali arasında informasiya texnologiyalarını populyarlaşdıran peşəkar mükafat kimi “Baktelecom”un pulsuz “wi-fi” xidmətinə biganə qalmayıb.

“Baktelecom” aylar öncə evdən kənarda, gəzinti zamanı internetə pulsuz qoşulmaq imkanını insanlar üçün əlçatan edib. Bu məqsədlə ilkin mərhələdə əhalinin sıx istirahət etdiyi ərazilər seçildi.

Dənizkənarı Milli Parkın bütün hissəsi, İçərişəhər Tarix-Memarlıq Qoruğu, Sahil bağı və Heydər Əliyev Mərkəzinin parkı kimi geniş əhatə zonasında ümumilikdə 210 qoşulma nöqtəsi yaradılıb. Mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqlarının seçiminə çevrilən layihənin istifadəçi sayı 200 mini ötüb.

“Baktelecom” əhalinin pulsuz “wi-fi” xidmətinə maraq və tələbatını nəzərə alaraq əhatə dairəsinin genişləndirilməsi istiqamətində bu gün də işlərini davam etdirir.

Yaxın zamanlarda Qış Parkı, Sabir, Xəqani bağları və digər istirahət parklarında da ictimai internet şəbəkəsi aktiv ediləcək.

Şəbəkənin təkmilləşdirilməsi işləri ilə yanaşı, yeni və daha rahat qeydiyyat sisteminin tətbiqindən sonra istifadəçilərin pulsuz “wi-fi”-a qoşulması daha da asanlaşacaq.

Xəbər lenti

Xəbər lenti