Bakı. Trend:
Azərbaycanda internetə çıxışla bağlı problem yoxdur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev "Şərq tərəfdaşlığı"nın elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın demək olar hər bir vətəndaşı internet və internet xidmətlərinin istifadəçisidir.
"Bizim öz kosmik peyklərimiz, müvafiq kadr potensialımız, mütəxəssislərimiz var", - deyə o bildirib.
O, həmçinin beynəlxalq elmi platformalara qoşulmaq üçün müvafiq elektron tədrisin, elektron kitabxananın yaradılması, bu sahə üzrə mütəxəssislərin hazırlanmasının zəruriliyini vurğulayıb.
R.Əlquliyev qeyd edib ki, Aİ 2030-cu ilədək rəqəmsal inkişaf strategiyası hazırlayıb.
"Biz bu strategiyanı öyrənirik və gələcəkdə Avropa ölkələrinin reallaşdırdığı təşəbbüslər üzrə təcrübə mübadiləsində maraqlıyıq", - AMEA vitse-prezidenti deyib.