...

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi məqalə təqdim olunub (FOTO)

Telekommunikasiya Materials 12 Aprel 2023 11:01 (UTC +04:00)
Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə rekord sayda elmi məqalə təqdim  olunub (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə 95 ölkənin alim və tədqiqatçısı tərəfindən 3 532 elmi məqalə təqdim olunub.

Trend çərşənbə günü xəbər verir ki, bu barədə bu gün "Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanov Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş media-brifinqdə deyib.

"Azərbaycan da rekord sayda - 214 - elmi məqalə təqdim edib. Ölkəmiz ABŞ, İtaliya, Hindistan və Çindən sonra ən çox elmi məqalə təqdim etmiş ölkələrin beşliyinə daxildir", - o deyib.

Onun sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresinin vəzifəsi kosmik sahədə beynəlxalq əməkdaşlığın qurulması, təcrübə və bilik mübadiləsi, müxtəlif yeniliklərin nümayişi və gənclərin kosmik sahəyə marağının artırılması üçün platformanın yaradılmasından ibarətdir.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Konqresi (BAK) 1950-ci ildən bu yana hər il Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası (BAF) tərəfindən təşkil olunur.

Azərbaycanda BAK tədbirinin tarixi 1973-cü ilə gedib çıxır. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il 7-13 oktyabr tarixlərində "Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz" devizi altında 24-cü BAK Azərbaycanda keçirilmiş, bununla da Bakı regionumuzda bu tədbirin təşkil olunduğu ilk şəhər olmuşdur. 25-29 oktyabr 2019-cu il tarixlərində isə BAF-ın Vaşinqtonda keçirilən Baş Assambleyasında Bakı ikinci dəfə beynəlxalq kosmik sənayenin ən nüfuzlu tədbirinə ev sahibliyi etmək hüququ qazanmışdır. Beləliklə, 2-6 oktyabr 2023-cü il tarixlərində paytaxt şəhərimizdə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun ev sahibi qismində çıxış etdiyi 74-cü BAK "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" mövzusu altında keçiriləcək.

Qeyd edək ki, "Azərkosmos" ASC-nin Azerspace-1 və Azerspace-2 adlı iki kommunikasiya peyki, həmçinin, aşağıorbitli Azersky peyki var. 2022-ci ilin yekunlarına əsasən, səhmdar cəmiyyətin peyk və telekommunikasiya xidmətlərinin satışından gəliri 26,6 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti