Bakı. Trend:
Azərbaycanda gələn ayın sonunadək innovasiyalar və dövlət satınalmaları sahəsində dəyişikliklər üzrə təkliflər hazırlanacaq.
Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Nəzarəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun iclasında deyib.
"İyunun sonunadək Azərbaycanda innovasiyalar və dövlət satınalmaları ilə bağlı dəyişikliklər üzrə təkliflərin hazırlanması planlaşdırır. Bu təkliflər daha sonra Milli Məclisə təqdim olunacaq. Əsas məqsəd müqavilələrin şəffaflığını təmin etmək və şirkətləri innovasiya proseslərinə cəlb etməkdir", - o deyib.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda satınalmaların həcmi 7,545 milyard manatı ötüb (11,2 faiz artım).
Hesabat dövründə satınalmaların ümumi həcmində elektron satınalmaların xüsusi çəkisi 22,4 faiz (1,69 milyard manat) olub. 2022-ci illə müqayisədə ötən il elektron satınalmaların həcmi 32,9 faiz artıb.
Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar siyasəti, dövlət satınalmaları, texniki tənzimləmə, standartlaşdırma, metrologiya, istehlakçı hüquqlarının qorunması sahəsində dövlət siyasətinin hazırlanması və reallaşdırılmasında iştirak edir. Xidmətin əsas missiyası ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən azad rəqabət və sahibkarlığın səmərəli müdafiəsi üçün şərait yaratmaqdır.
(Tərcümə: Rəna Əbdürəhmanova)