Bakı. Trend:
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə ikinci vençur fondunun yaradılması üçün fondlarla danışıqlar aparır.
Trend xəbər verir ki, bu barədə innovasiya və rəqəmsal inkişaf agentliyinin sədri İnarə Vəliyeva "Chain Reaction 2024" forumunun "İnnovasiyalar mədəniyyət kimi" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
"Strategiyamızın vacib elementlərindən biri investisiya mədəniyyətinin formalaşdırılmasıdır. Biz Azərbaycanın vençur fondunda ilk LP (məhdud tərəfdaş) şirkətiyik. Hazırda ölkədə belə strukturların yaradılması ilə maraqlanan bir neçə fondla danışıqlar aparırıq və onları bu yolda aktiv şəkildə dəstəkləyirik", - Vəliyeva vurğulayıb.
Vəliyeva bildirib ki, Agentlik 5 əsas istiqamətə fokuslanıb: istedadlara, bazara, infrastrukturaya, maliyyəyə və mədəniyyətin qurulmasına.
"Mədəniyyət bu aspektlərin hamısını əhatə edir. İstedadları inkişaf etdirərkən, mütəxəssislərin daim öyrənməyə hazır olmalarını təmin etməyə çalışırıq. Təqaüd proqramlarımız, böyük şirkətlərdə işləyərək zamanla öz startaplarını qura biləcək kadr ehtiyatı yaratmağa kömək edir", - o əlavə edib.
Onun sözlərinə görə, son 2 il 6 ay ərzində Azərbaycanda 10,000-dən çox insanı kiçik mütəxəssis səviyyəsinə qədər hazırlamışıq.
"Biz "IT" sektorundakı şirkətləri Azərbaycanda filial açmağa dəvət edirik. Onları istedadlarla dəstəkləməyə, əməkdaşların təlim xərclərinin bir hissəsini subsidiyalaşdırmağa hazırıq ki, onlar yüksəlib orta səviyyəli mütəxəssisə çevrilsinlər. Bundan əlavə, beynəlxalq təhsil oyunçuları ilə fəal şəkildə əməkdaşlıq edirik", - Vəliyeva əlavə edib.