Bakı. Trend:
Azərbaycanda süni intellekt sahəsində mövqelərin möhkəmləndirilməsi və qlobal rəqəmsal iqtisadiyyata inteqrasiya istiqamətində mühüm addımlar atılır.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov bu gün Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kadr potensialının gücləndirilməsi və əlverişli biznes mühitinin yaradılması bu strategiyanın əsas tərkib hissələrindəndir.
"İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Sənaye 4.0” hazırlıq proqramının icrasına başlanılıb. Proqramın məqsədi sənaye müəssisələrinin texnoloji və yaşıl transformasiyasını sürətləndirməkdir. Bu çərçivədə müəssisələrin mövcud vəziyyəti qiymətləndirilir, yol xəritələri hazırlanır, maliyyə dəstəyi və güzəştli kreditlər təqdim olunur. Pilot mərhələdə artıq müsbət nəticələr əldə olunub. Transformasiyanı daha da sürətləndirmək məqsədilə “Sənaye 4.0” mərkəzinin yaradılması planlaşdırılır. Yeni mərkəz sənaye müəssisələri, texnoloji təsisatlar, ali təhsil ocaqları və innovasiya ekosistemi arasında əlaqələndirici rol oynayacaq. Bu cür təşəbbüslər Azərbaycanın dayanıqlı, innovativ və inklüziv iqtisadi modelə keçidini təmin edəcək. Ölkə artıq qlobal texnoloji meylləri izləməklə kifayətlənmir, onların tətbiqi və inkişafında aktiv iştirak edir".
