...

HP Azərbaycanda xüsusi seminar keçirib

Telekommunikasiya Materials 19 Oktyabr 2006 15:35 (UTC +04:00)

Hewlett-Packard (HP) Azərbaycandakı sifarişçiləri və tərəfdaşları üçün "HP-nin yeni iş stansiyaları" mövzusunda seminar keçirib. Tədbirdə ölkənin bir sıra dövlət və özəl qurum nümayəndələri iştirak edib.

Trend xəbər verir ki, seminarı HP-nin MDB ölkələrində Thin Client texnologiyaları və qrafik iş stansiyaları üzrə meneceri İqor Yevçuk aparıb. O, tədbir iştirakçılarına HP-nin iş stansiyalarının ən son modelləri haqda ətraflı məlumat verib. O cümlədən, söhbət İntel və AMD Opteron prosessorları əsasında qurulmuş HP xw4400, HP xw6400, HP xw8400 və HP xw9400 tipli stansiyaların məhsuldarlığı və qrafik imkanlarından gedib.

HP menecerinin sözlərinə görə, qrafik stansiyaların sadalanan modelləri hazırda istifadəçilərə mürəkkəb strukturlu və irihəcmli işlərin görülməsi zamanı mümkün qədər geniş funksional imkanlar verən ən məhsuldar fərdi kompüterlərdir.

"Təsadüfi deyil ki, HP şirkəti EMEA (Avropa, Yaxın Şərq və Afrika) bölgəsində iş stansiyalarının satış həcminə görə tərtib edilmiş reytinqə başçılıq edir, MDB ölkələrinə dair analoji göstəricilərə görə isə o, şəksiz liderdir", - deyə cənab Yevçuk bildirib.

HP-nin iş stansiyaları elmi araşdırmalarda, eləcə də dünya iqtisadiyyatının quraşdırma və mühəndis hesablamaları; film, klip və media çarxların istehsalı; çoxmonitorlu həllərin tətbiqi tələb olunan mürəkkəb maliyyə analitikası; geodeziya, xəritəçəkmə və kadastr sistemləri; neft-qaz sənayesi və geoloji kəşfiyyat kimi sahələrində artıq öz sözünü deyib.

Hewlett-Packard (HP) - korporativ sifarişçilər və fərdi istifadəçilər üçün müasir texnologiyaların qlobal təchizatçısıdır. Şirkət İT-infrastruktur sahəsində həllər sistemi, qlobal xidmət çeşidləri, iri şirkətlər, kiçik və orta sahibkarlar üçün fərdi kompüter sistemləri, həmçinin çap və təsvirlərin emal texnikasının istehsalı ilə məşğuldur. 2006-ci il iyul ayının 31-də başa çatmış son 4 maliyyə rübü ərzində HP-nin gəlirləri 90 milyard ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti