...

Ekspert: EIU reytinqi elektron hazırlıq sahəsində Azərbaycanın yerini düzgün müəyyən etmir

Telekommunikasiya Materials 30 Aprel 2007 20:37 (UTC +04:00)
Ekspert: EIU reytinqi elektron hazırlıq sahəsində Azərbaycanın yerini düzgün müəyyən etmir

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Economist Intelligence Unit (EIU) reytinqi Azərbaycanın elektron hazırlığı ("e-readiness") üzrə ölkənin mövqeyini düzgün əks etdirmir. Bu barədə bazar ertəsi İnformasiya Siyasəti Analitik Mərkəzinin direktoru, ölkənin beynəlxalq layihələr üzrə koordinatoru (Global Internet Policy Initiative) Yaşar Hacıyev bildirib.

Azərbaycan reytinq siyahısında 69 ölkə içərisində İranı qabaqlayaraq 68-ci yerə sahib olub.

Ekspert istisna etmir ki reytinq yenilənməmiş informasiyalarla hesablanıb, belə ki, Azərbaycan ötən il də bu mövqedə qərarlaşmışdı.

"Hamı bilir və Azərbaycanda genişlənən kampaniyalar və həyata keşirilən layihələr çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsində inkişafı müşahidə edir. Buna görə də, heç cür razılaşmaq olmaz ki, 2006-cı ildən Azərbaycanda heç bir islahat və işlər aparılmır və yekun nəticədə Azərbaycan elə həmin 68-ci yerdə qalıb",-deyə Hacıyev bildirib.

Daha bir fakt, Qazaxıstanın (64-cü yer) Azərbaycanı qabaqlaması qeyri obyektiv araşdırmanın sübutudur. Bu ölkənin ərazisinin böyüklüyünü nəzərə alsaq Qazaxıstanda İnternetdən istifadə bir o qədər də yüksək deyil.

Ekspertin fikrincə, İranın da 69-cu yer tutması obyektiv hesab olunmur. Belə ki, burda internet istifadəçiləri 25 faiz olduğu halda, Azərbaycanın özündə bu rəqəm hələ 10 faizi ötmür. Onun fikrincə, bu cür qeyri-obyektivlik yalnız Azərbaycan və İranın başına gəlməyib.

Məsələn, Peru kimi inkişaf edən ölkə (51) İnternet istifadəçilərinin illik artımının 5 mln. nəfər olduğu Çini (56) qabaqlayıb. Portuqaliyanın (27) hətta İT tətbiqinə görə Almaniyanı qabaqlayan Estoniyanı (28) ötməsi real görünmür.

Amma Hacıyev hesab edir ki, reytinqdə Azərbaycan üçün müsbət tərəf də var. Digər Zaqafqaziya ölkələri - Gürcüstan, Ermənistan ümumiyyətlə burda yer almadığı halda Azərbaycan müəyyən bir yer tutub.

"Ümumilikdə reytinq qeyri-profesional hesablanıb və araşdırmalar səthi olaraq aparılıb",-deyə Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti