...

Azərcell yeni korporativ brend təqdim edib

Telekommunikasiya Materials 29 İyun 2007 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru Azərcell Telecom BM öz fəaliyyətində bütün Azərbaycanın qürur duyacağı şirkət olmaq üçün yeni bir mərhələyə başlayır. "Azərcell" bu hədəfə doğru "Bizi Birləşdirən Dəyər" şüarı altında addımlamaq niyyətindədir. Bunu təqdimatda çıxış edən şirkətin baş direktoru A.Halim Ateş bildirib.

Onun sözlərinə görə, , "Azərcell" birlikdə olmağın gücünə və önəminə inanaraq öz fəaliyyəti ilə hər kəsi bir araya gətirmək istəyir. "Uğurlarla dolu 10 ilimizi birlikdə keçirdik və indi ölkəmizi daha irəli aparmaq üçün yolumuza davam edirik. "Azərcell" olaraq ölkənin qeyri-neft sektorunun ən böyük şirkətlərindən biri olmaqla yanaşı biz həmçinin Azərbaycanın ən etibarlı şirkətiyik. Azərbaycana və azərbaycanlılara daha çox xidmət göstərmək üçün vizionumuzu və uğur prinsipimizi yenilədik. Bu gündən etibarən "Azərcell'i bütün Azərbaycanı birləşdirən bir şirkət olaraq görməyinizi istəyirik",-deyə o bildirib.

Daha sonra "Azərcell Telekom" BM-in yeni imic filminin nümayişi olub.

"Azərcell Telekom"un Korporativ Ünsiyyət və Sosial Məsuliyyət rəhbəri Kamilə İsayeva öz çıxışında bildirdi ki, cəmiyyətimizi irəliyə aparmaqda olan şirkət həmişə Azərbaycanın təməl dəyərlərinə hörmətlə yanaşıb, onların qorunmasına çalışıb: "İndi isə qurumun hədəfi ölkə üçün yeni dəyərlər yaratmaqdır. Lakin bütün nailiyyətlərini daim hər kəslə paylaşan "Azərcell" yaradılan yeni dəyərləri də ictimaiyyətlə bölüşməkdə qərarlıdır".

"Bizi Birləşdirən Dəyər" şüarı altında "Azərcell" ilk olaraq mətbuatla əlaqədar yeni layihə həyata keçirmək niyyətindədir. Bu məqsədlə şirkət Azərbaycanda ilk dəfə olaraq "Bizi Birləşdirən Dəyər" mövzusunda Yazı Müsabiqəsi elan edir.

Müsabiqədə İyulun 1-dən oktyabrın 1-nə kimi Azərbaycan və rus dillərində "Bizi Birləşdirən Dəyər" mövzusunda dərc olunan yazı müəllifləri iştirak edə bilərlər. Yazılar dörd nominasiya:

1. "Bizi Birləşdirən Dəyər" mövzusunda ən yaxşı reportaj;

2. "Bizi Birləşdirən Dəyər" mövzusunda ən yaxşı jurnalist tədqiqatı;

3. "Bizi Birləşdirən Dəyər" mövzusunda ən yaxşı publistik məqalə;

4. "Bizi Birləşdirən Dəyər" mövzusunda ən yaxşı foto illüstrasiya

üzrə mükafatlandırılacaq. Hər nominasiyanın üç qalibi müəyyənləşdiriləcək. Hər nominasiya üzrə birinci yer tutana DATA kartlı NoteBook, ikinci yerin sahibinə masa üstü kompüter; üçüncü yerin sahiblərinə isə 3G texnologiyasını dəstəkləyən mobil telefon hədiyyə ediləcək.

Müsabiqənin qaliblərini Azərbaycan mətbuatının ən nüfuzlu nümayəndələri seçəcəklər:

Azad Şərif - Azərbaycanın Əməkdar Jurnalisti,

Ramiz Əsgər - Azərbaycan Jurnalistlər Birliyinin baş katibi,

Zeynal Məmmədli - Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin müəllimi,

Əflatun Amaşov - Mətbuat Şurasının Sədri,

Cahangir Məmmədli - Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının sədri,

Akif Rüstəmov- Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin keçmiş dekanı, kafedra dosenti,

İbrahim Məmmədli - Zərdabi Mətbuat Mərkəzinin rəhbəri.

Xəbər lenti

Xəbər lenti