...

NATO sammitinin yekunları: Aparıcı beynəlxalq analitiklər Prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqqında

Nəzər nöqtəsi Materials 9 İyul 2016 17:02 (UTC +04:00)
Azərbaycan beynəlxalq arenada öz mövqelərini ildən-ilə möhkəmləndirir.
NATO sammitinin yekunları: Aparıcı beynəlxalq analitiklər Prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqqında

Bakı. Trend:

Azərbaycan beynəlxalq arenada öz mövqelərini ildən-ilə möhkəmləndirir. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti və daxili sabitlik sayəsində Bakı regional liderdən ciddi beynəlxalq oyunçuların birinə çevrilib. Dünyanın iki böyük siyasi qüvvəsi olan Rusiya və Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycanın bilavasitə iştirakı da buna sübutdur. Həmçinin qlobal məsələlərin həlli üzrə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi və ölkənin qlobal sammitlərdə iştirakı da Azərbaycanın rolunu təsdiq edir. Bunun növbəti sübutu isə NATO-nun Varşava sammiti oldu.

Bu platforma beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun sülhməramlı əməliyyatlarının təmin edilməsində Azərbaycanın hamı tərəfindən qeyd edilən rolu ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda növbəti uğurlu addım oldu.

Azərbaycan Prezidenti İlham Əliyev daim bütün beynəlxalq tribunalardan dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırır. Bu zəhmətli işin nəticəsi kimi bütün mühüm beynəlxalq tədbirlərin yekunlarına əsasən, Ermənistanın təcavüzkar siyasətini ifşa edən və Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi zərurətindən bəhs edən sənədlər qəbul edilir.

Trend-ə açıqlama verən dünyanın aparıcı ekspert və analitikləri də Prezident İlham Əliyevin rolunu təsdiq edirlər:

X X X

ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani:

“Prezident İlham Əliyevin Varşavada keçirilən NATO sammitinə dəvət olunması Azərbaycanın qlobal məsələlərdə iqtisadi, hərbi və siyasi cəhətdən mühüm beynəlxalq oyunçuya çevrildiyini təsdiq edir.

Azərbaycan Xəzərin enerjidaşıyıcılarının Qərbə nəqlinin əsas təşəbbüskarı qismində NATO-nun bu təşkilatın üzv ölkələrində enerji resurslarının şaxələndirilməsi üzrə səylərində həlledici rol oynayır.

NATO Azərbaycanı uzunmüddətli perspektivdə etibar edə biləcəyi, enerji resurslarının məsuliyyətli ixracatçısı kimi nəzərdən keçirir".

X X X

Tanınmış almaniyalı ekspert Aleksandr Rar:

“NATO-nun Varşava sammiti çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilməsi bu problemin həllində irəliləyişə xidmət edə bilər.

Dağlıq Qarabağ problemini həll etmək üçün bu imkanı əldən buraxmaq olmaz. İstənilən dialoq, üstəlik, Avropa ictimaiyyətinin dəstəyi ilə baş tutan dialoq düzgündür.

Apreldə Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra beynəlxalq ictimaiyyət bu münaqişənin həllinə daha çox diqqət yetirməyin vacibliyini anlayır".

X X X

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza:

“Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməsindən xəbər verir.

NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrlə yaxşı münasibətlər qurmaq üçün çalışır.

Azərbaycanın Varşavada NATO sammitində iştirakı tam təbiidir. Bu ondan xəbər verir ki, tərəflər yaxşı münasibətlər, dostluq münasibətləri qurublar. Bundan başqa, Azərbaycan, şübhəsiz ki, terrorizmə qarşı mübarizədə mühüm rol oynayır".

X X X

Vaşinqtonun "Atlantic Council" analitik mərkəzinin aparıcı eksperti Xorxe Benitez:

“Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşava sammitində iştirakı alyansın Qafqazda sülh və sabitliyin təmin edilməsinə marağını nümayiş etdirir.

Bu həm də tərəflər arasında tərəfdaşlıq əlaqələrinin mövcudluğunu göstərir.

NATO Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər”.

X X X

Paris Universitetinin Mədəni diplomatiya kafedrasının müdiri və Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Naciye Selin Şenocak:

“Azərbaycanın NATO sammitində iştirakı ölkənin Avrasiya və Şərqi Avropada geosiyasi əhəmiyyətini təsdiq edir.

Azərbaycan, həmçinin dünya təhdidləri ilə mübarizədə NATO üçün vacib ölkədir. Azərbaycan, həmçinin Əfqanıstan və Kosovada NATO üçün əhəmiyyətini sübut etdi.

NATO sammitində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi göstərir ki, Azərbaycan bu məsələni daim gündəmdə saxlayır”.

X X X

Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol:

“NATO Azərbaycanın terrorizmlə və digər müasir çağırışlarla mübarizəyə verdiyi mühüm töhfəni təsdiq edir.

NATO-nun Varşava sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi göstərir ki, beynəlxalq birlik aprel hadisələrindən sonra müsbət nəticələrə gətirib çıxara biləcək danışıqlar prosesinə qayıtmağın zəruriliyini qəbul edir”.

X X X

Böyük Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman:

“Hazırda NATO Avropanın şərq cinahının təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan kimi NATO-ya daxil olmayan ölkələrlə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin zəruriliyini anlayır.

Azərbaycan Qafqaz və Avropada təhlükəsizliyin təmin edilməsində, eləcə də Qafqaz regionunda qaçaqmalçılıq və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında vacib rol oynayır.

Yaxın aylarda NATO və Azərbaycan arasında daha dərin əlaqələr yarana bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti