Bakı. Samir Əli - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri, çıxışları bir neçə aspektdən xarakterizə etmək olar.
Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, dövlət başçısının Azərbaycanın neft strategiyası ilə bağlı çıxışları diqqət çəkən məqamlardan olub: "Burada Cənub Qaz Dəhlizinin yaradılması, eyni zamanda Azərbaycanda neft srategiyasının necə aparılması və bunun dünya enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında vacib faktor olduğu qeyd olundu".
A.Nağıyev bildirib ki, dövlət başçısı çıxışında Azərbaycan üçün daha əhəmiyyətli məsələ olan Dağlıq Qarabağ problemini ön plana çəkib: "Münxen səfəri çərçivəsində Prezident İlham Əliyev keçirdiyi görüşlərdə bu məsələyə yenidən qayıtdı. Dünya, eyni zamanda Avropa Birliyinin ən aparıcı şəxslərinin iştirak etdiyi konfransda dövlət başçısı bir daha Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı, Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqeyinə diqqət çəkdi. Prezident qeyd etdi ki, bu məsələnin həllində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq və təsir göstərməlidirlər. Dövlət başçısı bildirdi ki, hər bir millətin öz müqəddəratını həll etməsi istəyini də nəzərə alırıq. Lakin bu proseslərin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, digər məsələlər sonradan həllini tapmalıdır".