Bakı. Samir Əli - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı Ermənistana çox ciddi xəbərdarlıq idi.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, dövlət başçısı yüksək tribunadan Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırdı: "Dövlət başçısı Ermənistanı işğalçı dövlət kimi bir daha təqdim etdi. Prezident İlham Əliyev xüsusən də Ermənistan hakimiyyətinə hərbi caninin rəhbərlik etdiyini böyük cəsarətlə bəyan elədi. Prezident bunu faktlara əsaslanaraq bildirdi. Çünki Sarkisyan özü də etiraf edib ki, Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi-komandir kimi iştirak edib. Bir dövlətin ki rəhbəri hərbi cani, cinayətkar ola, o dövlətin özü nə olar? Prezident İlham Əliyev həmin tribunadan Ermənistana çox ciddi xəbərdarlıq da etdi və aprel döyüşlərini xatırlatdı ki, bu döyüşdən onlar nəticə çıxarsın və dinc əhaliyə qarşı iyrənc təxribatları dayandırsınlar".
E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev çıxışında həmçinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həllində ikili siyasət yeritdiyini, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı təşkilatın 4 qətnaməsinin 20 ildən artıqdır ki icra olunmadığını da sessiya iştirakçılarının diqqətinə çatdırdı.