...

Deputat: "Transparency International" tərəfindən Azərbaycana qarşı təzyiqlər gözlənilən idi

Nəzər nöqtəsi Materials 10 Oktyabr 2017 16:36 (UTC +04:00)
Dünyadakı maliyyə-iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda iqtisadiyyat inkişaf edir, ona görə də ölkəmizə qarşı təzyiqlər gözlənilən idi.
Deputat: "Transparency International"  tərəfindən Azərbaycana qarşı təzyiqlər gözlənilən idi

Bakı. Gülqız Dadaşova - Trend:

Azərbaycan yeni nailiyyətlərə imza atır. Dünyadakı maliyyə-iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda iqtisadiyyat inkişaf edir, ona görə də ölkəmizə qarşı təzyiqlər gözlənilən idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov "Transparency International" təşkilatının Avropa Şurasından Azərbaycana qarşı sərt tədbirlər görməsi haqqında tələbi ilə bağlı deyib.

O vurğulayıb ki, Azərbaycan yenidən müxtəlif beynəlxalq siyasi dairə və təşkilatlar, onların əlində alət olan müəyyən QHT-lər, eyni zamanda Avropa Şurası simasında beynəlxalq təşkilatlar tərəfindən edilən təzyiqlə üz-üzədir:

"Bu yeni hadisə deyil. Biz dəfələrlə bunun şahidi olmuşuq və səbəblər də bəllidir. Azərbaycan dövləti müstəqil xarici siyasət yürüdür, bu siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir. Ölkə siyasətinin beynəlxalq siyasi dairələrin və siyasi mərkəzlərin diqtəsi altında deyil, məhz milli maraqlar əsasında qurulması onları qıcıqlandırır".

E.Nəsirov həmçinin qeyd edib ki, islamafob və ksenafob qüvvələr həmin o beynəlxalq təşkilat və mərkəzlərdə öz sıralarını genişləndirdikcə, Azərbaycanın müsəlman ölkəsi kimi nailiyyətlərini, uğurlarını həzm edə bilmirlər:

"Azərbaycanın multikulturalizmin mərkəzi kimi beynəlxalq aləmdə mövqelərinin güclənməsini qəbul edə bilmir və ölkəyə qarşı müxtəlif yollarla təzyiqlər etməyə çalışırlar. Bu qüvvələr həm də ermənipərəst olduğundan onlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycanın diplomatik və hərbi üstünlüyünü qəbul edə bilmirlər və bu onların yuxularına haram qatır".

Transparency İnternational təşkilatı bu gün Azərbaycana qarşı yeni ittihamlarla çıxış edib. Təşkilat Avropa Şurasından Azərbaycana qarşı sərt tədbirlər görməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti