...

Suriya - ABŞ və Türkiyə arasındakı savaş meydanı

Nəzər nöqtəsi Materials 18 Yanvar 2018 13:01 (UTC +04:00)
Türkiyənin Suriya ərazisindəki Afrin şəhərində PYD və YPG terrorçularına qarşı hərbi əməliyyatlara başlaması an məsələsidir.
Suriya - ABŞ və Türkiyə arasındakı savaş meydanı

Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Suriya ərazisindəki Afrin şəhərində PYD və YPG terrorçularına qarşı hərbi əməliyyatlara başlaması an məsələsidir.

Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında bildirib. Türkiyənin Suriyada hərbi əməliyyata başlamasının ən əsas səbəbi heç şübhəsiz ki, ABŞ tərəfindən ən müasir silahlarla silahlandırılan PYD və YPG terror qruplaşmalarının ölkənin sərhədləri üçün ciddi təhlükə yaratmasıdır.

Afrin şəhərində hərbi əməliyyatların başlaması Türkiyədə birmənalı qarşılanmayıb, ABŞ-ın PYD və YPG-ni silahlandırması ölkənin ana müxalifəti hesab edilən Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən də sərt şəkildə qınandı.

Bu gün Suriya-Türkiyə sərhədinin təxminən 90 % PYD və YPG-nin, qalan kiçik bir hissə isə Azad Suriya Ordusunun (ASO) nəzarətindədir. Hazırda ASO-nun nəzarətində olan ərazilər 2016-cı ildə Türkiyə ordusunun həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı çərçivəsində İŞİD terror təşkilatından azad edilən ərazilərdir.

Hərbi əməliyyatlar niyə məhz Suriyanın şimal-qərbindəki Afrin bölgəsindən başlayacaq?

Səbəblərdən ən başlıcası, Afrinin terrorçuların ələ keçirdiyi digər bölgələrdən təcrid olunmasıdır.

Belə ki, Afrin şimaldan Türkiyə ilə, şərqdən və qərbdən ASO-nun nəzarətində olan bölgələrlə, cənubdan isə Suriya hökumət qüvvələrinin nəzarət etdiyi ərazilərlə əhatə olunub.

Afrinin PYD və YPG-nin nəzarət etdiyi digər bölgələrdən təcrid olunması buranı daha tez azad etmək üstünlüyü verir.

Digər tərəfdən Türkiyə kəşfiyyatının məlumatına əsasən Afrində terrorçuların nəzarət etdiyi bölgələrdən fərqli olaraq ağır silahlar yoxdur. Lakin Afrində mülki vətəndaşların olması ərazidə Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyat keçirməsini çətinləşdirən amillərdən biridir.

Hərbi əməliyyatların Afrindən başlamasının başqa bir səbəbi isə, Türkiyənin Kilis və Hatay şəhərlərinin davamlı olaraq bu bölgədən atəşə tutulmasıdır. Son bir il ərzində Kilis və Hatay Afrin bölgəsindən 12 dəfə raket atəşinə tutulub.

Rusiya və İran Türkiyəyə yeni əməliyyatlarda dəstək verəcəkmi?

PYD və YPG birliklərinin ABŞ tərəfindən davamlı olaraq silahlandırılması Suriyanın bir ölkə kimi parçalanmasına aparan amillərdən biridir ki, bu da nə Türkiyə, nə İran, nə də Rusiyanın maraqlarına xidmət etmir. Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində PYD və YPG-nin ABŞ tərəfindən silahlandırılmasının Suriyanın parçalanmasına gətirib çıxaracağını bildirib.

Amma buna baxmayaraq, nə Moskva, nə də Tehranın Ankaraya bu məsələdə dəstək verəcəyi gözlənilmir.

Beləliklə Türkiyənin Afrindəki hərbi əməliyyatlarda yeganə müttəfiqi ASO olacaq. Bunu prezident Ərdoğan da son açıqlamasında bəyan etdi.

Afrində hərbi əməliyyatların yaxın günlərdə başlayacağı istisna edilmir. PYD və YPG terrorçularının Vaşinqton tərəfindən silahlandırıldığını nəzərə alaraq demək olar ki, Türkiyə Afrində dolayı yolla ABŞ ilə savaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti