...

YAP Siyasi Şurasının üzvü: Partiyanın qurultayı Azərbaycan xalqının arzularını ifadə edən forum oldu

Nəzər nöqtəsi Materials 8 Fevral 2018 17:41 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayı bütövlükdə Azərbaycan xalqının istək və arzularını ifadə edən siyasi forum oldu.
YAP Siyasi Şurasının üzvü: Partiyanın qurultayı Azərbaycan xalqının arzularını ifadə edən forum oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayı bütövlükdə Azərbaycan xalqının istək və arzularını ifadə edən siyasi forum oldu.

Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

Qurultayın çox yüksək səviyyədə keçdiyini deyən M.Quliyev əlavə edib ki, Azərbaycanın müxtəlif regionlarından olan qurultay nümayəndələri öz çıxışlarında birmənalı olaraq ölkə başçısının siyasətinin bütün bölgələrdə dəstəkləndiyini söyləyiblər:

“Qurultayda bildirildi ki, xalq bu siyasətin yenidən davam etdirilməsini arzu edir. Bütün qurultay nümayəndələri və orada çıxış edən şəxslər dövlət başçısı İlham Əliyevin bu ilin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-ın namizədi olmasını dəstəklədilər".

M.Quliyev bildirib ki, ölkə başçısı qurultaydakı çıxışı ilə partiya üzvlərinə Azərbaycanın yaxın illər üçün inkişaf perspektivlərini göstərmiş oldu:

“Dövlət başçısı qurultayda Azərbaycana ictimai-sabitliyin nə qədər vacib olduğunu vurğuladı, ölkəmizin demokratik, hüquqi, sivil bir dövlət olduğunu və bu yolla da inkişaf edəcəyini göstərdi. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın sosial-iqtisadi inkişaf tempinin bundan sonra da yüksək sürətlə davam edəcəyini bəyan edərək, göstərdi ki, ölkəmizdə bütün insan hüquq və azadlıqları qorunub və bundan sonra da qorunub inkişaf etdiriləcək”.

M.Quliyev qeyd edib ki, ölkə rəhbəri qurultayda Azərbaycanın xarici siyasətinin beynəlxalq hüquq və ədalətə əsaslanacağını və ölkəmizin beynəlxalq nüfuzunun yaxın gələcəkdə daha da artacağını söyləyib:

"Prezident İlham Əliyev vurğuladı ki, dünyada neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, ölkəmiz bundan sonra da öz iqtisadi inkişafını qeyri-neft sektorunun inkişafında görəcək və neftdən gələn gəlirlər gələcək nəsillər naminə fondumuzda valyuta ehtiyatı şəklində yığılacaq. Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır və torpaqlarımız yaxın gələcəkdə işğaldan azad olunacaq. Qaçqın və məcburi köçkün vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Prezident İlham Əliyev öz çıxışında İrəvanın, Zəngəzurun, Göyçənin və digər torpaqların Azərbaycanın tarixi əraziləri olduğunu və bizim bu torpaqlara qayıtmağın da xalqımızın, gənclərimizin ümdə vəzifələrindən biri kimi xarakterizə etdi".

Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti