Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanda prezident seçkilərinin təşkili digər ölkələr üçün nümunə ola bilər.
Bunu Trend-ə İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov və “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
Deputat bildirib: “Biz 12-dən çox seçki məntəqəsində olmuşuq. Hər şey çox dəqiq, pozuntusuz gedir. Pozuntuların qarşısının alınması üçün çoxlu üsullar və texnologiyalar var. Mən birinci dəfə bir nəfərin təkrar səs verməməsi üçün spreydən istifadə olunmasını gördüm. Görünür ki, hər şey çox yaxşı təşkil edilib. Mən seçkiləri bir çox ölkələrdə müşahidə etmişəm. Azərbaycanda seçkilərin təşkili digər ölkələr üçün nümunə ola bilər”.
K.Y.Razvozov seçicilərin yüksək fəallığını xüsusilə vurğulayıb:
“Mən səhər bu qədər seçicini görməyi gözləmirdim. Səhər, bir neçə saat ərzində seçici fəallığı 50 faizi ötüb. Bu, çox yüksək göstəricidir. Hər şey çox sakitdir. İnsanlar gülümsəmə ilə səs verməyə gedir. Bu, onlar üçün bayramdır. Bunu hər zaman görmək olmur”.
İsrailli deputat vurğulayıb ki, bütün seçki məntəqələrində yaxşı şərait yaradılıb:
“Biz təkcə mərkəzi seçki məntəqələrində olmadıq. Biz həmçinin, Bakının kənar rayonlarında məntəqələrə baş çəkdik. Hər yerdə eyni cür vəziyyət yaradılıb”.
Lev Spivak, öz növbəsində qeyd edib ki, seçkilərə hazırlıq hərtərəfli mükəmməldir:
“Mən iki dəfə Azərbaycanda müşahidəçi olmuşam. Yalnız evdə səs vermək imkanı olan şəxslər üçün səyyar sistem tamamilə mükəmməldir. Biz bunun necə icra olunduğunu gördük. Bundan başqa biz, fikrimcə unikal seçki məntəqəsində olduq. Bu, qaçqınlar üçün seçki məntəqəsi idi. Biz belə bir şeyi heç yerdə görməmişik”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.