...

Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq

Nəzər nöqtəsi Materials 17 Avqust 2019 10:00 (UTC +04:00)
Ölkə başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb.
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkə başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələr, artan əməkhaqları, müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər:

“Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilən sosial siyasət əhalinin böyük bir hissəsini əhatə edərək Azərbaycan vətəndaşının firavan yaşayışını təmin edib. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sayəsində yaranan imkanlar ilk növbədə sosial məsələlərin həllinə yönəldilib”.

Deputat vurğulayıb ki, son 8 ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə Prezident İlham Əliyev müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin güclənməsini, xüsusən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı əlil olmuş şəxslərin, şəhid ailələrin, məcburi köçkünlərin, yaşlıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayıb:

“Bu fərman və sərəncamlar əsasında həyata keçirilən sosial paketlər isə sadə vətəndaşın rifahına birbaşa təsir göstərib, hər bir ölkə vətəndaşı artımların şəxsi büdcəsinə təsirini aydın hiss edib.

Əhalinin gəlirlərinin artması, sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, minimum əməkhaqların, müavinətlərin artırılması, problemli kreditlər məsələsinin həlli, yeni iş yerlərinin açılması əhali tərəfindən olduqca müsbət qarşılanıb. Bu ilin əvvəlində təsdiqlənən sosial paket və digər sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edib. 2019-cu ildə 60 min yeni iş yeri açılıb, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə - birinci dəfə 40 faiz artıb.

İkinci dəfə artırılan 40 faiz isə sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı məsələ həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların da maaşlarında ciddi artımlar baş verib, onlar da artıq sentyabrın 1-dən maaşlarını artımla almağa başlayacaqlar”.

P.Kərimzadə qeyd edib ki, bütün bunlar bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilən sosial siyasətin ardıcıl və davamlı olacağını göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti