Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/
Bakının və Azərbaycanın gözəlliyi məni heyran etdi. Trend-in məlumatına görə, bunu bazar ertəsi ilk məşqdən sonra keçirdiyi mətbuat konfransında San Marinonun "Eurovision 2012" təmsilçisi Valentina Monetta deyib.
Bu yarışmaya böyük zəhmət nəticəsində gəlib çatdığını deyən San Marino təmsilçisi qeyd edib ki, burada müsabiqə iştirakçıları üçün hər cür şərait və imkan yaradılıb.
Bu müsabiqə çərçivəsində bir çox ölkələrdə səhnəyə çıxdığını bildirən Valentina Monetta bildirib ki, Bakı qədimliklə müasirliyin vəhdətini təşkil edir. Bu da şəhərinizə qeyri-adi gözəllik bəxş edir.
"Eurovision 2012" mahnı müsabiqəsində iştirak etmək üçün keçdiyi mərhələlər barədə məlumat verən San Marino təmsilçisi Bakıda keçirilən müsabiqədən çox şey gözlədiyini diqqətə çatdırıb. O, mahnısının nədən sosial şəbəkələrdən bəhs etməsinə aydınlıq gətirərək deyib ki, bu şəbəkələrin insanların həyatına təsiri böyükdür və orada bir çox imkanlar mövcuddur.