Azərbaycan, Bakı, 25 may / Trend müxbir K.Zərbalıyeva/
"Eurovision" mahnı yarışmasının keçirilməsi ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətində problem qeydə alınmayıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, müsabiqə günlərində sürücülərin şəxsi avtomobillərindən az istifadə etmələri, eləcə də parklanma qaydalarına riayət etmələri paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyatın rahat və fasiləsiz hərəkətinə müsbət təsir edir, DYP əməkdaşlarına nəqliyyatın hərəkətinin tənzimlənməsində yardımçı olur.
Əliyev bildirib ki, "Eurovision" mahnı yarışmasının keçirildiyi günlərdə respublikada və Bakıda yol qəzalarının sayında azalma müşahidə olunur.
"Yeganə problem piyadalarla bağlıdır. Onlar yenə də piyada keçidlərindən istifadə etmirlər, yol hərəkəti qaydalarını kütləvi şəkildə pozaraq özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları üçün təhlükə yaradırlar", - Əliyev deyib.
Onun sözlərinə görə, son günlər Bakıda qeydə alınan qəzaların 80 faizi piyadaların vurulması ilə bağlı olub.
İdarə piyadalara müraciət edərək onlara yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edərək yeraltı və yerüstü piyada keçidlərindən istifadə edilməsinin yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə yanaşı, bu qaydalara əməl olunmasının, həm də yol mədəniyyətinin əsas göstəricilərindən biri olduğunu xatırladıb.