Türkiyə, Ankara, 1 iyul / Trend , müxbir T.Əliyev/ Ankarada hakim Ədalət və İnkişaf Partiyasının bağlanması tələbi ilə davam edən proses çərçivəsində bu gün Konstitusiya Məhkəməsində növbəti mərhələ başlayır. Ədalət və İnkişaf Partiyasının bağlanması tələbi ilə çıxış edən baş prokuror Abdurahman Yalçınkayanın Konstitusiya Məhkəməsinin bu günkü iclasında öz iddiasını əsaslandırmaq məqsədi ilə çıxışı planlaşdırılır.
İyulun 3-də isə ƏİP-nın nümayəndələri Məhkəmənin iclasında partiyanı müdafiə etməyə və onlara qarşı irəli sürülən iddiaların əsassız olduğunu sübut etməyə çalışacaqlar.
Bu mərhələdən sonra Konstitusiya Məhkəməsinin məruzəçisi iddia ilə bağlı bütün məlumat, sənəd və dəlilləri toplayaraq, öz rəyini hazırlayacaq. Rəy məhkəmə üzvlərinə paylandıqdan sonra isə Məhkəmənin son qərarı qəbul etməsi üçün iclas günü müəyyən ediləcək.
Bu arada їMilliyyətї qəzeti xəbər verir ki, bəzi sosioloji tədqiqat mərkəzlərinin keçirdikləri rəy sorğusuna qatılanların 53 faizi partiyanın bağlanmasına qarşı çıxıb, rəyi soruşulanların 34 faizi isə bu fikri dəstəkləyib.
Baş prokuror Abdurahman Yalçınkaya hakim partiyanı Türkiyənin dünyavi dövlət əsaslarına qarşı yönəlmiş fəaliyyətinin beşiyinə çevrilməkdə günahlandırır. Baş prokuror hakim partiyanın bağlanmasını, prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və partiyanın 70-ə yaxın üzvünün siyasi fəaliyyətinin qadağan edilməsini tələb edir.