Gürcüstan, Tbilisi, 13 avqust/ Trend , müxbir N.Kirtsxaliya/"Çaxnaşmaya heç bir əsas yoxdur, Rusiya hərbi dəstələri və tankları Tbilisiyə getmirlər, onlar Qoridən çıxaraq, Orçosani kəndi yaxınlığında dönüb və Cənubi Osetiya istiqamətində gediblər", - bu gün brifinqdə Gürcüstan Daxili İşlər nazirinin müavini Yekaterina Zquladze deyib.
"Mən bu barədə tam məsuliyyətlə bəyan edirəm", - o deyərək qeyd edib ki, Rusiya qoşunlarının və ağır texnikanın Tbilisiyə doğru hərəkət etməsi haqqında şayiələr çərşənbə günü səhər yayılıb.
"Mən Poti sakinlərini təmkinə çağırıram. Bu gün orada partlayışların eşidilməsinə baxmayaraq, onlar təşvişə düşməməlidirlər", - deyən nazir müavini qeyd edib ki, Rusiya hərbçiləri Poti limanında mülki katerləri partladıblar.
Zquladze xalqı təmkinli olmağa və şayiələrə uymamağa çağırıb.