Qırğızıstan, Bişkek, 8 oktyabr / Trend müxbir R.Məşədihəsənli/ Oktyabrın 10-da Bişkekdə Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin sədrliyi altında MDB dövlət başçıları Şurasının növbəti toplantısı keçiriləcək. Bu barədə Bakiyevin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda iştirak etmək üçün Bişkekə MDB dövlətlərinin liderləri gəlməkdədir. Həmçinin sammitin işində baş nazir Artur Rasizadənin başçılığı ilə Azərbaycan nümayəndə heyəti və Ukrayna rəsmilərindən ibarət heyət iştirak edəcək.
İclasda 21 sənəd layihəsi müzakirə olunacaq. XİN başçıları Şurasının gündəliyinə 26 məsələ daxil edilib.
MDB dövlət başçıları Şurasının növbəti toplantısının əsas müzakirə mövzusu birliyin 2020-ci ilədək iqtisadi inkişaf Strategiyası layihəsi olacaq.
Sammitin gündəliyinə həmçinin MDB-nin inkişaf konsepsiya əsasında hazırlanmış sənədlər paketi xüsusi yer tutacaq.
Dövlət başçıları eyni zamanda Şuranın növbəti toplantısının yeri və tarixi barədə qərar verəcəklər, habelə sədrlik edən ölkəni müəyyənləşdirəcəklər.