Gürcüstan, Tbilisi, 20 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa Şurası Cənubi Qafqaz dövlətlərini məhkəmə sistemlərində islahatları fəal şəkildə davam etdirməyə çağırıb. Bu barədə cümə axşamı AŞ - nin himayədarlığı ilə Tbilisidə keçirilən bölgə hakimlərinin regional konfransının yekununda bəyan edilib.
Azərbaycan, Gürcüstan və Ermənistan Ədliyyə Nazirliklərinin, o cümlədən məhkəmə hakimiyyəti nümayəndələrinin də iştirak etdiyi konfransın mövzusu "Cənubi Qafqazda ədalət məhkəməsi və qanunun aliliyi"dir. Əsas müzakirələr "Cənubi Qafqazda ədalət məhkəməsi və hüquqi dövlət. Ədliyyə peşəkarlarının uğurları və problemləri" mövzusuna həsr olunub.
AŞ region ölkələrinin islahatları iki istiqamətdə - hakimlik sahəsində əməkdaşların hazırlanması və daha azad və müstəqil fəaliyyət göstərməli olan ədliyyə Ali Şuraları sisteminin mükəmməlləşdirilməsi - davam etdirməyi məsləhət görür.
Qurumun ekspertləri hesab edirlər ki, bu şuralarda dövlət məmurlarından daha çox, hakimlər və hüquqşünaslar olmalıdır.
Azərbaycan, Gürcüstan və Ermənistandan olan konfrans iştirakçıları Avropa Şurası ilə sıx əlaqəli şəkildə hüquqi və hakimlik sistemində islahatları davam etdirməyə hazır olduqlarını bildiriblər.
Müəlliflə əlaqə ünvanı: trend