Qırğızıstan, Bişkek, 16 fevral ( Trend , R.Мəşədihəsənli) Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsilə Bişkekdə Xocalı soyqırımının 17-ci il dönümü ilə bağlı anma mərasimi keçiriləcək. Bu barədə bazar ertəsi Trend müxbirinə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı ilk Fövqəladə və Səlahiyyətli səfiri Arif Ağayev məlumat verib.
Ağayevin sözlərinə görə, fevralın 26-da xarici ölkələrin Qırğızıstanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, KİV təmsilçiləri və Azərbaycan diasporu fəallarının iştirakı ilə Xocalı soyqırımının 17-ci il dönümü ilə bağlı Bişkekdəki İmam Əli adına məsciddə anım mərasimi təşkil olunacaq.
"Öncə mərasim iştirakçılarına Xocalı faciəsi və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibənin nəticələri, dinc Azərbaycan əhalisinə qarşı soyqırım siyasəti barədə mətbuat nümunələri, 450-dən çox Xocalı soyqırımı haqqında sənədli DVD film paylanacaq. Bundan başqa, Xocalı soyqırımını əks etdirən foto-guşə də mərasim iştirakçılarının diqqətinə çatdırılacaq. Yekun olaraq, Azərbaycanın ərazi bütövlüyü, istiqlaliyyəti uğrunda şəhid olanların və Xocalı faciəsi qurbanlarının müqəddəs ruhuna dualar oxunacaq, 500 nəfərə ehsan veriləcəkdir", - səfir Arif Ağayev bildirib.