...

BMT Baş katibinin Ümumdünya Mətbuat Azadlığı Gününə dair müraciəti

Dünya xəbərləri Materials 3 May 2009 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may / Trend /

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, "hər kəsin əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüquq var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyaları axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir". Ümumdünya Mətbuat Azadlığı Günündə bu hüququn önəmini, eləcə də jurnalist və KİV materiallarının qorunmasına olan ehtiyacı bir daha vurğulayırıq.

Jurnalistlərə edilən hücumların sayı son dərəcə yüksək həddədir. Jurnalistlərin Müdafiəsi üzrə Komitənin verdiyi məlumata əsasən bu il 17 jurnalist iş başında qətlə yetirilmişdir. Onların arasında yanvar ayında işə gedərkən yolda qətlə yetirilmiş Şri Lankalı tanınmış jurnalist Lasanta Vikremantunq da var. Mən Şri Lanka hökumətinə müraciət edirəm ki, onun ölümünə cavabdeh olan şəxslərin tapılmasını və məhkəməyə cəlb edilməsini təmin etsin. UNESCO cənab Vikrematunqu ölümündən sonra 2009-cu il üçün Ümumdünya Mətbuat Azadlığı Mükafatı ilə təltif etmişdir və bu mükafat Dohada keçiriləcək Mətbuat Azadlığı Günü ilə bağlı mərasimdə təqdim ediləcək.

Eyni zamanda Jurnalistlərin Müdafiəsi üzrə Komitənin verdiyi məlumata görə, 1 dekabr 2008-ci il tarixinə istinadən 125 jurnalist həbsdə saxlanılırdı. Onların bəziləri bir neçə il, bəziləri isə on ildən çox müddət ərzində həbsdə olmuşdur. Bu həbs hallarının yarısı üç ölkənin - Çin, Kuba və Eritreyanın payına düşür. Mən jurnalistləri həbs edən bütün hökumətlərdən tələb edirəm ki, onlara qarşı qaldırılan ittihamlar əleyhinə apelyasiyaya müraciət etmək və özlərini müdafiə etmək də daxil olmaqla jurnalistlərin hüquqlarına tam hörmət edilməsini təmin etsinlər.

Qətl və həbs jurnalistləri susdurmağın ən dəhşətli formalarıdır. Çox zaman qorxu jurnalistləri özlərini senzura eləməyə məcbur edir. Bu da, öz növbəsində qəbul olunmazdır. Jurnalistlər təzyiq və təqibdən azad şəraitdə fəaliyyət göstərməlidirlər.

Mən eyni zamanda bəzi hökumətlərin İnternetə çıxışa və internet vasitəsilə işləyən, həmçinin "yeni KİV" vasitələrindən istifadə edən jurnalistlərin fəaliyyətlərinə məhdudiyyətlərin qoyulması ilə bağlı öz narahatlığımı bildirirəm. Təəccüblü deyil ki, mediaya təzyiqlərin geniş olduğu ölkələrdə internetdə "bloq" səhifələrin yaradılması inkişaf edir. Hazırda, Jurnalistlərin Müdafiəsi üzrə Komitənin verdiyi məlumata görə, həbs olunmuş KİV işçilərinin təxminən 45 %-i bloq səhifələrin yaradıcılarıdır. Mən bütün hökumətləri ola bilsin ki, azadlıqlarını əldə etmək üçün hüquqi resursları və siyasi əlaqələri olmayan həmin jurnalist vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırıram.

Ümumdünya Mətbuat Azadlığı Gününün hər il qeyd olunması, həmçinin medianın qlobal problemlərin həllində vacib rolunu xatırlatmaq üçün bir imkandır. Bu ilki mövzu dialoq, barışıq və qarşılıqlı anlaşma üçün şəraitin yaradılmasında medianın təkanverici rolundan bəhs edir. Doğrudan da mətbuat insanlar arasında dini, siyasi və digər fərqlər haqqında kök salmış fikirlər ilə mübarizədə zəruri rol oynayır. Media azlıqlar və təcrid olunmuş qruplara da söz demək imkanı yaradır, beləliklə də həm icma-daxili, həm də icmalar-arası debatların daha geniş kütləyə çatdırılmasına və mövzunun yeni haşiyədə verilməsinə imkan yaradır. Münaqişədən sonrakı bərpa mərhələsini yaşayan cəmiyyətlərdə azad və məsuliyyətli məlumat yayan media səmərəli idarəçilik, habelə ictimaiyyət və liderlər arasında inam və etibarın yaradılması üçün olduqca zəruridir. Bu işi ləngidən və ya maneələr yaradan hökumətlər öz maraqlarına, həmçinin cəmiyyətlərinin maraqlarına zidd hərəkət etmiş olurlar.

Ümumdünya Mətbuat Azadlığı Günündə, çətin şəraitdə işləyərək insanların azad və qərəzsiz informasiya əldə edə bilmələri üçün çalışan insanlar qarşısında baş əyirəm. Gəlin birlikdə onların azadlıq və təhlükəsizliyini müdafiə etmək qərarımızı bir daha yada salaq və insan hüquqları, inkişaf və sülhün vacib göstəricisi olan azad və müstəqil mətbuatın əldə olunmasında öhdəliyimizi bir daha elan edək.

Xəbər lenti

Xəbər lenti