"Ermənistan və digər MDB ölkələrinin Gürcüstanda keçirlən NATO təlimlərindən imtina etmələri tamamilə əsaslandırılmış qərardır", - Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib. Məlumatı "Novosti-Armeniya" yayıb.
"Gürcüstan ərazisində NATO təlimlərinin keçirilməsi bir il əvvəl Tbilisinin Cənubi Osetiyada etdiyi hərəkətlərin alyans tərəfindən dəstəkləndiyi deməkdir", - Bordyuja qeyd edib. O, bildirib ki, Cənubi Osetiyada xeyli sayda Rusiya sülhməramlısı şəhid olub.
NATO proqramı çərçivəsində keçirilən "Cooperative Longbow 09/Cooperative Lancer 09" təlimlərinə Gürcüstanda mayın 6-da start verilib. Təlimlərin birinci mərhələsi 6-19 may, ikinci mərhələsi isə mayın 21-dən iyunun 3-dək davam edəcək.
Təlimlərdə ABŞ, Albaniya, Azərbaycan, Kanada, Horvatiya, İspaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, Türkiyə, Çexiya, BƏƏ, Gürcüstan, Ukrayna, Bosniya və Hersoqovina, Makedoniya iştirak edirlər.
Nəticədə altı ölkə - Ermənistan, Latviya, Estoniya, Qazaxıstan, Moldova və Serbiya təlimlərdə iştirakdan imtina edib.
NATO təlimlərində iştirak etmək üçün Rusiya dəvət edilsə də, Moskva hərbi manevrlərin keçirilməsinin qəti əleyhinə çıxaraq bunu "açıq təxribat" adlandırıb.