İranın cənub-şərqində, Pakistanla sərhədə yaxın yolda iki maşının atəşə tutulması nəticəsində bir adam həlak olub və iki nəfər yaralanıb, PRESSNEWS məlumat verir.
"İlkin təhqiqatlara görə, yük maşınları silahlı şəxslər tərəfindən atəşə tutulub", - polis rəhbəri, general Əhməd-Reza Radan bildirib.
Bazar günü İranın cənub-şərqində yerləşən Zahidan şəhərində sünni və şiələr arasında toqquşma baş verib, nəticədə onlarla adam zərər çəkib.
Bu hadisədən 5 gün öncə, şiə məscidində baş vermiş partlayış nəticəsində 25 insan həlak olub, 125 nəfər isə yaralanıb. Partlayışa görə məsuliyyəti Pakistanda yerləşən "Condullah" təşkilatı öz üzərinə götürüb. Təşkilat partlayışı ölkədə seçkiqabağı vəziyyəti qeyri-stabil etmək üçün törətdiyini bildirib.