...

İranın nüvə ehtiyatı, iddialar və şübhələr – Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 28 İyul 2009 10:09 (UTC +04:00)
İranın nüvə ehtiyatı, iddialar və şübhələr – Trend News-un icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İranın Ermənistana Armavir şəhərində tikilən atom stansiyası üçün nüvə yanacağı verməklə bağlı hazırlığını nümayiş etdirməsi, bir daha bu ölkənin nüvə ehtiyatlarının həcminin nə dərəcədə olmasını gündəmə gətirir. "Tehran Times" qəzetinin rəsmi saytının məlumatına görə, bazar günü Qərbi Azərbaycan vilayətinin qubernatoru Rəhim Qorbani bildirib ki, İran Ermənistan və digər qonşu ölkələrə nüvə yanacağı ixrac etməyə hazırdır.

Ola bilsin ki, bu bəyanat sırf təbliğat xarakteri daşısın. İsrail Prezidenti Şimon Peres iyul ayının əvvəlində Qazaxıstana səfərində həmkarı Nursultan Nazarbayevdən İrana uran yanacağı satmamağı xahiş etmişdi. Qazaxstan Prezidenti isə tam əminliklə bildirmişdi ki, dünyanın 15 faiz nüvə ehtiyatlarına malik olan ölkəsi İrana nə uran yanacağı satıb, nə də satmaq istəyir. Keçən həftə isə, İsrail xarici işlər naziri Aviqdor Liberman Latin Amerikasının bəzi ölkələrinə səfəri zamanı bu ölkələrin İrana nüvə yanacağı satmamasını əsas müzakirə mövzusu etmişdi. Buna cavab olaraq İran, nüvə yanacağının təminatı ilə bağlı xarici ölkələrdən asılı olmadığını göstərmək istəyir.

Bundan əvvəl, 2008-ci ildə Böyük Britaniya XİN Qazaxıstan, Özbəkistan və Braziliyadakı diplomatlarına göstəriş vermişdi ki, bu ölkələrin rəsmilərindən İrana nüvə yanacağını satmayacaqlarına dair zəmanət alsınlar. "London Times" qəzetinin keçən il yaydığı məlumatına əsasən, İranın nüvə ehtiyatları tükənmək üzrədir.İran XİN-in mətbuat katibi Həsən Qəşqavi isə dərhal bu iddianı təkzib etmişdi.

Əslində, İranın daxilində iki əsas nüvə mədəni mövcuddur. Yəzd əyalətinin Sağənd və Abbas limanının Qəçin mədənlərində olan uran daşları, ekspertlərin fikrincə, bir kiçik nüvə stansiyasının 10 illik nüvə yanacağını təmin edəcək qədər deyil. Sağənd mədənində olan uran yerin 350 metrlik dərinliyindədir və onun istehsalı çox çətindir. Bu iki mədəndən maksimum 1400 ton uran istehsal oluna bilər. Digər tərəfdən, İranda istehsal olunan uran dünya bazarlarında satılan urandan qat-qat bahadır.

Hələlik istifadəyə verilməmiş Buşəhr stansiyasının bir illik yanacağı (110 ton həcmində) Rusiyadan idxal olunub və rəsmi Moskva Buşəhri 10 illik yanacaqla təmin etməyə zəmanət verib. MAQATE-nin keçən ilin may ayında yaydığı məruzədə bildirilirdi ki, İranın 1970-ci ildə Cənubi Afrikadan idxal etdiyi minlərlə ton "sarı tort"un (Yellow Cake) 70 faizi UF6 (uran qazı) istehsalında istifadə olunub.

Rəsmi Tehran elan edib ki, 2020-ci ilədək Buşəhr stansiyasından əlavə, daha altı stansiya istifadəyə veriləcək. Buşəhrin isə 1000 MVt-lıq stansiyanı yanacaqla təmin etmək üçün ildə 200 ton "sarı tort"a ehtiyacı var. İran, Ərdəkan nüvə mədəninin istismara başlanacağı təqdirdə, nüvə stansiyalarının yanacağı üçün ildə yanlız 71 ton zənginləşmiş uran (3,5%) istehsal etməyə qadirdir. Bununla belə, İranın qonşu ölkələrə nüvə yanacağı ixrac edəcəyi şübhə altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti