...

Suriya Prezidenti Türkiyəyə səfər edib

Dünya xəbərləri Materials 16 Sentyabr 2009 20:47 (UTC +04:00)
Suriya Prezidenti Bəşşar əl-Əsəd çərşənbə günü axşam İstanbula rəsmi səfər edib. O, İstanbulda iftarda iştirak edəcək.
Suriya Prezidenti Türkiyəyə səfər edib

Suriya Prezidenti Bəşşar əl-Əsəd çərşənbə günü axşam İstanbula rəsmi səfər edib. O, İstanbulda iftarda iştirak edəcək. Məlumatı Türkiyənin Cihan agentliyi yayıb.

Əl-Əsəd Türkiyəli həmkarı Abdullah Gül ilə Yaxın Şərqdə sülh prosesini, həmçinin Türkiyənin Suriya-İraq münaqişəsinin həllində iştirakı məsələsini müzakirə edəcək.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dəməşq və Bağdada tərəflərin barışdırılması üçün səfər edib.

İki ölkənin münasibətlərindəki problemlər, İraqın Baş naziri Nuri əl-Məlikinin Suriyanı Bağdadda törədilən, təxminən 100 nəfərin ölümünə səbəb olan iki terror aktının təşkilatçılarının gizlədilməsində günahlandırmasından sonra baş verib.

Hər iki tərəf öz diplomatik nümayndəliklərini geri çağırıb.

Ərəb Ölkələri Liqası (ƏÖL) bu problemin həllində vasitəçi qismində çıxış etməyə cəhd edib. Ötən həftə İraqın xarici işlər naziri Huşyar Zibari, onun suriyalı həmkarı Valid Muallim, ƏÖL-in baş katibi Əmr Musa və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğludan ibarət danışıqların müşahidəçisi kimi çıxış edən "dördlük" təşkil edilib.

Əl-Əsədin səfəri Türkiyə, Suriya və İraqın xarici işlər nazirlərinin Ankarada keçiriləcək görüşü ərəfəsində baş verib.

Xəbər lenti

Xəbər lenti