...

Enerji və iqtisadi məsələlər Xəzəryanı ölkələri dənizin təhlükəsizliyi ilə bağlı məsələlərdən yayındırmamalıdır - Müttəki

Dünya xəbərləri Materials 8 Oktyabr 2009 18:27 (UTC +04:00)

"İran hesab edir ki, enerji və iqtisadi məsələlər Xəzəryanı ölkələri dənizin təhlükəsizliyi ilə bağlı məsələlərdən yayındırmamalıdır. Xəzər dənizi sahilyanı ölkələr üçün çox önəm daşıyır və onunla bağlı səhlənkarlıq dəhşətli ziyanlara səbəb ola bilər", - deyə İran XİN-in rəhəbri Mənuçöhr Müttəki oktyabrın 8-də Rəşt şəhərində Xəzər dənizi ilə bağlı keçirilən iclasda çıxışı zamanı deyib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

Müttəki əlavə edib ki, Xəzər dənizi sülh, dostluq dənizi olmalıdır. "Xəzər hərbi məsələlərdən kənar olmalıdır, lakin bununla yanaşı, ehtimal olunan təhlükələrə qarşı müştərək qüvvə və texnikanın iştirakı ilə təhlükəsizlik tədbirlərinin görülməsi üçün mexanizm yaradılmalıdır", - deyə Müttəki deyib.

Müttəki hesab edir ki, Xəzəryanı ölkələrdən başqa digər ölkə və ya təşkilatların (Xəzəryanı ölkələrin bayrağı altında olmayan gəmilərin) Xəzərdə fəaliyyəti gərginliyə səbəb ola bilər.

Müttəki həmçinin bildirib ki, İran Xəzərin şimal və cənub regionları üzrə bölünməsinin əleyhinədir. "Xəzər dənizi ilə abğlı məsələlər bir-birinə bağlı məsələlərdir və Xəzər dənizinin istər şimalında və istər cənubunda baş verən hadisələr bir-birinə təsirsiz ötüşməyəcək. Şimalda baş verən hadisə cənuba da təsir göstərəcək. Bu cür coğrafi bölgülər aparmaqla Xəzəryanı ölkələrin fikirbirliyini pozmaq düzgün deyil. İran "Şimal razılaşması"nı düzgün hesab etmir", - deyə Müttəki deyib.

O əlavə edib ki, Xəzər dənizinin statusu və digər məsələlər haqqında qərarlar 5 ölkənin iştirakı ilə qəbul edilməlidir. Belə olmayan halda qəbul edilmiş qərar öz icra qüvvəsini itirəcək.

Xəbər lenti

Xəbər lenti