İranın İrşad və mədəniyyət naziri Məhəmməd Hüseyni İncəsənət Akademiyasının heç bir üzvünün istefa verməyəcəyinə ümid etdiyini bildirib və əlavə edib ki, əgər istefa edərlərsə, İncəsənət Akademiyasına yeni üzvlər qəbul olunacaq. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
"Mədəniyyət İnqilabı Şurasının üzvləri İncəsənət Akademiyasının siyasi mərkəzə çevrilməsindən və akademiyanın vəzifələrinin müvafiq yerinə yetirilməməsindən narazılıqlarını bildirmişdilər. Bu baxımdan Mədəniyyət İnqilabı Şurasının üzvləri bu akademiyanın rektorunun dəyişdirilməsinə qərar verdilər və Əli Müəllim Damğanini bu vəzifəyə seçdilər", - Hüseyni deyib.
Hüseyni əlavə edib ki, bundan öncəki qanunlara əsasən, yeni rektoru akademiyanın üzvləri seçirdilər. "Yeni qanuna əsasən isə, bundan sonra bütün akademiyalarda rektoru və üzvləri ancaq İranın Mədəniyyət İnqilabı Şurası seçəcək", - Hüseyni deyib.
İran müxalifətindən olan Mir Hüseyn Musəvi bir neçə gün öncə İncəsənət Akademiyasının rektorluğundan uzaqlaşdırılıb. Musəvinin işdən uzaqlaşdırılması qərarını İran Prezidenti Mahmud Əhmədinejadın sədri olduğu Mədəniyyət İnqilabı Şurası qəbul edib. Musəvi 11 il öncə İncəsənət Akademiyası təsis olunduğu gündən bu akademiyanın rektoru olub.
Mir Hüseyn Musəvinin işdən uzaqlaşdırılması ilə akademiyanın üzvlərindən bir neçə nəfər etiraz əlaməti olaraq öz vəzifələrindən istefa ediblər.
İranda iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər. İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkilərdə geniş saxtakarlıq olduğunu bildiriblər. Seçkilərdən sonra İranda başlanan etiraz aksiyaları müşahidəçilərin fikrincə, 1979-cu il İslam İnqilabından sonra analoqu olmayan səviyyədə keçib. Yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.