Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal ölkənin KanalD telekanalına verdiyi müsahibədə Türkiyədə hərbi çevrilişin mümkünsüzlüyünü bildirib.
"Türkiyədə hərbi çevriliş ola bilməz "- Baykal bildirib.
Trend - un arayışı: Türkiyənin iqtidaryönlü "TARAF" qəzetinin iddiasına görə, Türkiyə Silahlı Qüvvələri ölkə hakimiyyətini devirmək üçün "Balyoz" adlı xüsusi plan hazırlayıb. Hazırlanan plana əsasən, İstanbuldakı "Fatih Camisi" və "Bəyazid" məscidlərini cümə namazı zamanı partlatdıqdan, ölkənin hərbi muzeyinə hücum təşkil etdikdən, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir neçə qırıcı təyyarəni partladaraq bunu yunan tərəfinin üzərinə atdıqdan sonra Türkiyə Silahlı Qüvvələri ölkədə yaranacaq xaosdan istifadə edərək hakimiyyəti devirəcəkdi. Qəzetin iddiasına görə, planın hazırlanmasında və həyata keçirilməsində Türkiyə Silahlı Qüvvələrinin sabiq generalı Çetin Doğanın imzası var və plan 2002-2003-cü illərdə hazırlanıb. İddiaya görə, Türkiyədə hərbi çevrilişdən sonra kütləvi həbslər başlanmalı idi.
"Balyoz" adlı çevriliş planının baş tutacağı və hakimiyyətin dəyişəcəyi təqdirdə, ölkədə tanınmış yazıçılardan olan Əbdürrəhman Dilipak, Əhməd Taşgetiren, Akif Əmrə, Fəhmi Koru da daxil olmaqla, 36 yazıçı və kommunist həbs edilməli idi.
Qəzetin iddiasından sonra Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ verdiyi açıqlamada ordunun hakimiyyəti devirmək planının olmadığını bildirib. "Balyoz" planı ilə bağlı açıqlama verən Başbuğ bunun hərbi təlim olduğunu da deyib.
Baykal onu da bildirib ki, Türk ordusunun əslində hərbi çevriliş planı da yoxdur və əgər belə bir planın olduğu sübut edilsə, Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ vəzifəsindən uzaqlaşdırılmalıdır.